Bakıdakı mərkəzi və məhəllədaxili su anbarlarının yuyulması davam etdirilir
İstehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinin qəbul edilmiş standartlara uyğunluğunu təmin etmək məqsədi ilə Bakı şəhərindəki mərkəzi və məhəllədaxili su anbarlarının yuyulması davam etdirilir.
“Azərsu” AC-dən bildirmişlər ki, cari ilin mart ayından indiyədək “+ 69- Şərq”, “+ 110 -Qərb”, və Maştağa mərkəzi su anbarlarının yuyulması başa çatdırılmışdır. Bununla yanaşı ASC-nin balansında olan məhəllədaxili su anbarları da yuyulmuşdur.
Nərimanov rayonunda 30, Binəqədidə 28, Yasamalda 27, Suraxanıda 24, Nizamidə 23, Xətaidə 9, Nəsimidə 6 və Səbail rayonunda 2 məhəllədaxili anbar yuyulub dezinfeksiya olunmuş və proses kompleks şəkildə aparılaraq ciddi nəzarət altında həyata keçirilmişdir. Yuyulma prosesində anbarlar tamamilə boşaldılmış və onların dib hissəsi lil çöküntülərindən təmizlənmişdir. Daha sonra anbarların istismara yararlı olub-olmaması mütəxəssislər tərəfindən yoxlanılmış, təhlükə doğura biləcək halları müəyyənləşdirilərək təmir-bərpa işləri aparılmışdır.
Dezinfeksiya işlərindən sonra anbarlar suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Sanitar və Epidemiologiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında yenidən istismara buraxılmışdır.