Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisi açılmışdır

29 dekabr 2013 | 16:00

 

Dekabrın 27-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu və “Baku” jurnalının birgə təşkilatçılığı ilə təşkil olunan və bu günədək dünyanın altı ölkəsində nümayiş etdirilən “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisinin rəsmi açılış mərasimi keçirilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru, “Bakıya uçuş” layihəsinin ideya müəllifi Leyla Əliyeva sərginin açılış mərasimində iştirak etmişlər.

“Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisi Azərbaycanın müasir incəsənətini dünyada tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Sərgidə nümayiş olunan əsərlərin hər biri orijinallığı ilə diqqəti cəlb edir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özünəməxsusluğundan xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə formaları əsasında yaradılmış əsərlər nümayiş etdirilir.       

      Tədbir iştirakçılarını salamlayan “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisinin kuratoru Erve Mikaeloff ekspozisiyanın açılışında, ümumilikdə layihədə iştirak etməkdən şərəf duyduğunu bildirdi. Sərginin uğurla keçməsindən sevindiyini deyən Erve Mikaeloff dedi ki, gələcəkdə belə layihələrin sayı çox olacaqdır.

Sonra sərgi ilə tanışlıq oldu. 

  Sərgidə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 rəssamının 100-dən artıq əsəri nümayiş etdirilir. Onların arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, layihənin ideya müəllifi Leyla Əliyevanın əsərləri böyük maraq doğurur. Leyla Əliyevanın “Portağal ağacı”, “Qafqaz bəbiri”, “Zaman” və digər əsərləri orijinallığı ilə seçilir.

  Tanınmış rəssam Altay Sadıqzadənin, gənc fırça ustası Aida Mahmudovanın və digərlərinin əsərlərinin təqdim olunduğu bu layihə tamaşaçılara Azərbaycanın yeni yaranan və böyük perspektiv vəd edən müasir incəsənətinin zənginliyini tam dəyərləndirmək imkanı verir. Burada təqdim olunmuş əsərlərin əksəriyyəti məhz bu layihə üçün işlənmişdir.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Londonda açılmışdır. İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən sərgi yerli sakinlərin böyük marağına səbəb olmuşdur. Sərginin təşkilində əsas hədəf insanların həyata baxışı, bədii-estetik münasibəti, təsəvvür və təxəyyülünün müxtəlifliyindən irəli gələrək fərqli cəhətlərə malik müasir incəsənətin Azərbaycandakı inkişafını dünya ictimaiyyətinə təqdim etmək, eyni zamanda, müasir incəsənət vasitəsilə Azərbaycanın bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açmaqdır. Burada insanların daxili aləminə nüfuz etmək bacarığı ilə müxtəlif janrlarda maraqlı əsərlər yaradan sənətkarların emosional təsiri ilə fərqlənən, rənglərinin təzadı və oynaqlığı, yaradılma texnikası ilə insanları valeh edən kompozisiyalar, Azərbaycanın müasir incəsənət dünyasının bir hissəsi nümayiş olunur. Sərgiyə maraq Azərbaycanın müasir incəsənətinin peşəkarlıq səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya sübut etmişdir. Bu sərgi ənənələrlə zəngin Azərbaycan incəsənətinə yeni töhfələr vermişdir.
  Son illərdə Azərbaycanda çox istedadlı gənclər yetişmişdir. Şübhəsiz ki, bunun təməlində ölkədə gənclərə göstərilən dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı çoxlu sayda uğurlu layihələr də dayanır.
“Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” yekun sərgisi 2014-cü il martın 1-dək davam edəcəkdir.

Keçidlər