Nərimanov rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd edilmişdir.
30 dekabr 2013-cü il tarixdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə rayon ərazisində yerləşən “Mona Liza” restoranında bayram tədbiri keçirilmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, millət vəkilləri, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri, rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında rolu olan şəxslər, ziyalılar, fəal gənc və tələbələr iştirak etmişlər.
Bayram tədbirinin açılışında çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov tədbirdə iştirak edənləri və onların simasında Nərimanov rayonunun bütün sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək bir neçə gündən sonra vidalaşacağımız 2013-ci il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm əlamətdar hadisələrlə yaddaşlara həkk olunduğunu qeyd etmişdir. İcra başçısının birinci müavini respublikamızın bu il də Ulu öndər Heydər Əliyevin uğurlu davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra böyük uğurlara imza atdığını xüsusilə vurğulamışdır.
Ş.İbadov daha sonra qeyd etmişdir ki, ölkəmizdə daim genişmiqyaslı işlər aparılır, bütün sahələrdə böyük inkişaf vardır. Azərbaycanın regionlarında geniş vüsət alan sosial-iqtisadi inkişaf, respublikada aparılan quruculuq və abadlıq işləri Nərimanov rayonunda da yüksələn templə davam edir.
Tədbirdə çıxış edənlər ölkədə və Nərimanov rayonunda son bir ildə görülən işlərdən, əldə olunan uğurlardan, həyata keçirilən layihələrdən, respublika və rayon rəhbərliyinin əhaliyə göstərdiyi qayğıdan geniş danışmışlar.
Sonra rayonun ictimai – siyasi və sosial həyatında fərqlənən bir sıra şəxslərə müvafiq fəxri fərmanlar və dəyərli hədiyyələr təqdim edilmişdir.
Bayram tədbiri əyləncəli bayram konserti ilə davam etmişdir.