Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak etmişdir

08 yanvar 2014 | 16:00

Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Son illərdə Azərbaycanda səhiyyə yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət almışdır. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilmişdir. Bu məqsədlə səhiyyənin prioritet sahələri üzrə 9 Dövlət proqramı qəbul olunmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasətin mühüm tərkib hissəsi kimi, ölkənin dövlət tibb ocaqlarında pulsuz xidmət göstərilməsinə başlanmışdır. Aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların dərmanlarla pulsuz təmin olunması və müalicəsi diqqət mərkəzində saxlanılmışdır. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində də ölkədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 6 perinatal mərkəz fəaliyyətə başlamışdır. Son 10 ildə səhiyyə sahəsində görülən işlər nəticəsində ümumilikdə 500-ə yaxın tibb müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Onlardan təxminən 70 faizi regionların payına düşür. Bundan əlavə, son illərdə ölkədə tibb kadrlarının hazırlanması, tibbi təhsil və tibb elminin inkişafı sahəsində də ciddi uğurlara nail olunmuşdur.
Bakı Sağlamlıq Mərkəzində yaradılan şərait bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial sahəyə daha çox diqqət göstərilir və bu proses davamlı xarakter almışdır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlərin yaradılması nəzərdə tutulur. 2014-cü ilin ilk günlərində Prezident İlham Əliyevin iştirakı ilə Qəbələdə dağ-xizək kompleksinin, daha sonra Bakı Sağlamlıq Mərkəzinin açılması Azərbaycanda sosial sahənin inkişafına və əhalinin sağlamlığına göstərilən dövlət qayğısının əsas göstəricilərindəndir.
Azərbaycan Prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış oldular.
Bakı Sağlamlıq Mərkəzi Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa olunmuşdur.
Dövlətimizin başçısı 2011-ci ilin iyulunda mərkəzin təməlqoyma mərasimində iştirak etmişdir.
Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.

  Qeyd edildi ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəz ən müasir avadanlıqla təchiz edilmişdir. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunmuşdur. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılmışdır. Bütün şöbələr dünyanın ən müasir tibbi texnika və avadanlığı ilə təchiz olunmuşdur. Bu texnikanın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə tətbiq edilir. Bunların arasında müasir maqnit-rezonans aparatı, LED sistemli cərrahi işıqlandırıcılar, mərkəzləşdirilmiş sterilləşdirmə sistemi mühüm yer tutur. Bundan əlavə, Bakı Sağlamlıq Mərkəzində istifadəyə verilən kompyuter tomoqrafiyası, rəqəmsal rentgen, ultrasəs aparatları və digər müasir tibbi cihazlar xəstələrin müalicəsində əhəmiyyətli rol oynayacaqdır. Cərrahi asma panellər, masalar, kameralar və rentgen aparatları, həmçinin barokamera, mərkəzi oksigen sistemi, yeni doğulmuşlar üçün küvezlər və reanimasiya otaqları mərkəzin əhəmiyyətini daha da artırır.
Dövlətimizin başçısı və xanımı sağlamlıq Mərkəzinin ayrı-ayrı şöbələrində yaradılan şərait və müasir tibbi avadanlıqla tanış oldular.
Bildirildi ki, Mərkəzdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi üçün ən yüksək şərait yaradılmışdır.
Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra həkim kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər