Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır.

18 yanvar 2014 | 16:00

17 yanvar 2014-cü il tarixində Rayon İcra Hakimiyyətinin akt zalında 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar rayon ictimaiyyəti və rayonda yaşayan 20 Yanvar şəhid ailələrinin nümayəndələri iştirakı ilə tədbir keçirilmişdir.
İcra hakimiyyətinin foyesində Nərimanov rayon məktəblilərinin 20 Yanvar hadisələri  mövzusunda çəkdiyi rəsmlər nümayiş etdirilmişdir.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışmışdır. Ş.İbadov bildirmişdir ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz idi. Xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış Qanlı Yanvar, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. 
Natiq baş vermiş qanlı olaylardan dərhal sonra Ümummilli lider Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini qeyd etmiş, 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rolunu vurğulamış və bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlamışdır. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməyi bacardı. Ulu öndərin diqqət və qayğısını bu gün layiqincə davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri artırır və bu, gələcəkdə də davam etdiriləcəkdir.
Tədbirdə rayonda yerləşən Məktəb-Lisey Kompleksinin şagirdlərinin ifasında Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Şəhid ailələri və əlillər adından çıxış edən 20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə qanlı faciənin yaranma səbəblərindən, həmin dəhşətli hadisəni törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışmış, bu dəhşətli qırğına ilk dəfə siyasi-hüquqi qiyməti Ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən verilməsini qeyd etmiş və göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişdir.
Tədbirin sonunda 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.

Keçidlər