Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev şəhidlərin əziz xatirəsini yad etmişdir

21 yanvar 2014 | 16:00

Qanlı 20 Yanvar hadisələrindən 24 il keçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumxalq hüzn günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad etmişdir.
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. İyirmi dörd il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşun birləşmələri Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar.
Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğından 24 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.
20 Yanvar faciəsi mahiyyətinə görə dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Keçmiş SSRİ, Azərbaycan SSR Konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. O gecə keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını, həmçinin iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozmuşdur. Respublikanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin isə bu faciədən sonra da yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən əllərini çəkmədilər. Həmin vaxt Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev onların əksinə olaraq, həyatını təhlükədə qoyaraq faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.
Lakin bu qanlı qırğın Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.
Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldi.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səsləndi.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəlmişdilər.
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edirdilər.

Keçidlər