32 yaşı tamam olan Vətən Müharibəsi şəhidi Ziyad Muradovun əziz xatirəsi yad edilib.
Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Ziyad Muradxan oğlu Muradovdur. Ziyad Muradov 23 oktyabr 2020-ci ildə Füzuli rayonun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidimizin bu il fevralın 3-də 32 yaşı tamam olacaqdı. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, İcra Hakimiyyətinin məsul şəxsləri, Nərimanov Bələdiyyəsinin sədri, şəhidin ailəsi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri 32 yaşı tamam olan şəhidimiz Ziyad Muradovun məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Ziyad Muradovun xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.
Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.