Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
Yanvarın 25 və 26-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Quliyev bildirdi ki, şənbə və bazar günlərində Nərimanov rayonunun Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkada Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından gətirilmiş 26,1 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən daxil olmuş 5 min ədəd yumurta satılıb qurtarmaq üzrədir.
Alıcılara mövsümə uyğun olaraq nar, heyva, xurma, əzgil, alma, armud, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, ağartı məhsulları, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.