Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.
29 yanvar 2014-cü il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2013-cü fəaliyyəti haqqında hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və sakinlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev açaraq son bir ildə rayon ərazisində görülən sosial layihələr haqqında qısa məlumat vermişdir. A.Fərzəliyev həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş dövlət proqramında Nərimanov rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat vermiş və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin yaradılmasının əhaliyə daha keyfiyyətli xidmət göstərilməsində əhəmiyyətli rolundan danışmışdır.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elmar Abbasov yığıncaqda hesabatla çıxış edərək qeyd etmişdir ki, “Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 02 noyabr 2012-ci il tarixli, 458-İUQ nömrəli qanununa və Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 06 dekabr 2012-ci il tarixli, 472 nömrəli sərəncamına əsasən Nərimanov Rayon inzibati ərazi vahidi tərkibində 1, 2 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri yaradılmışdır. Rayon İHB-nın 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi fəaliyyətini Rayon İcra Hakimiyəti başçısı tərəfindən təsdiq edilmiş perspektiv iş planı əsasında təşkil edir.
Nümayəndəliyin ərazisi 7,35 kv.km, əhalisi isə 72861 nəfərdir. Ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatların sayı 21225-dir.
E.Abbasov qeyd etmişdir ki, ölkə başçısı cənab İlham Əliyev 2013-cü ildə 6 dəfə rayonumuza gəlmiş, onlardan 4-ü 3 nömrəli SİƏD-in ərazisində olmuşdur. Belə ki, cənab Prezident 20.05.2013-cü il və 22.10.2013-cü il tarixlərdə Dədə Qorqud parkında aparılan işlərlə tanış olmuş, 13.12.2013-cü ildə “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud parkının açılışında və 03.09.2013-cü ildə “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimində iştirak etmişdir. Həmçinin dövlət başçısı bu günlərdə, yəni 07.01.2014-cü ildə Azərbaycanda ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak etmişdir.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əsas vəzifəsi “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” AR-nın Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar vermək, digər vəzifə və səlahiyyətləri həyata keçirməkdən ibarətdir.
İl ərzində Nərimanov rayon İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisində 9 səyyar qəbul və görüşlər keçirilmiş, həmin qəbul və görüşlərdə yüzlərlə sakinlər iştirak etmişlər. Keçirilən qəbullar zamanı sakinlər tərəfindən edilən 69 müraciət qeydə alınmış və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Keçirilən səyyar görüş və qəbullarda qaldırılan məsələlər küçə və məhəllədaxili yolların təmiri, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlərlə, təhsil, səhiyyə müəssisələrinin təmiri, tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
2012-2013-cü tədris ilində nümayəndəliyin ərazisində yerləşən təhsil ocaqlarından 36 və 200 nömrəli orta məktəblər, 69 nömrəli uşaq bağçası və 23 nömrəli musiqi məktəbi, əsaslı təmir olunmuşdur. Məktəb Lisey Kompleksində əlavə tədris korpusu inşa edilmişdir. K.Rəhimov küçəsində Ak. Həsən Əliyev küçəsinədək olan ərazidə yaşıllıq zolağı salınaraq sakinlərin istifadəsinə verilmişdir. Hazırda bu yaşıllıq zolağına, həmçinin Ak.Həsən Əliyev və A.M.Cümə küçələrinin kəsişməsindəki 15 ha. ərazidə salınmış parka aqrotexniki qulluq göstərilir.
Yığıncaqda çıxış edənlər, ərazidə yerləşən təşkilatların nümayəndələri hesabatla bağlı təklif və fikirlərini bildirmiş, onları narahat edən mövzular ətrafında müzakirələr aparılmışdır.