Nərimanov rayonunda “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyidir” mövzusunda rayon gənclərinin toplantısı keçirilmişdir.
31 yanvar 2014-cü il tarixdə Beynəlxalq Ticarət Mərkəzinin “Atrium” otelində Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyidir” mövzusunda rayon gənclərinin toplantısı keçirilmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Adil Əliyev, bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri, fəal üzvlərinin iştirakı və çıxışı nəzərdə tutulub.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilk öncə Müstəqil Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik etmiş, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulamışdır.
A.Fərzəliyev qeyd etmişdir ki, Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq Ümummilli Liderimiz Heydər Əliyev 1 fevral 1997-ci ildə «2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında» Sərəncam imzalamışdır. Sərəncam qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu gün də gənclər günü qeyd edilir.
İcra başçısı vurğulamışdır ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Ulu Öndərimiz 1993-cü ildə ikinci dəfə Respublikaya hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən biri gənclərin ilk dövlət təşkilatının - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması olmuşdur.
Ulu öndərimiz Heydər Əliyev həmişə gənclərə böyük inam göstərmiş, onların qüvvəsinə güvənərək vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq.”
Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf edir.
Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait vardır.
Daha sonra toplantıda çıxış edənlər qeyd etmişlər ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilmişdir. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.
Tədbirin sonunda Nərimanov Rayon İcra Hakimiyyəti adından “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə hədiyyələr və təhsilində, ictimai fəaliyyətində fərqləndiyinə, həmçinin, ictimaiyyətdə nümunəvi davranışına görə fəal tələbələrə təqaüdlər təqdim olunmuşdur.