Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda iştirak etmişdir.

06 fevral 2014 | 16:00

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilmişdir.
Prezident İlham Əliyev konfransda iştirak etmişdir.
Mərkəzdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasından bəhs edən sərgi açılmışdır.
Sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrinin inkişafını əks etdirən göstəricilərə geniş yer verilmişdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramları mühüm rol oynamışdır. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.
2003-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçmişdir. Həmin dövrdə muxtar respublikada ümumi daxili məhsulun həcmi 13,9 dəfə, adambaşına ümumi daxili məhsul 12 dəfə, sənaye məhsulları istehsalı 49 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 4,7 dəfə, əsas kapitala investisiya qoyuluşu 16,4 dəfə, xarici ticarət dövriyyəsi 13,9 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 12,9 dəfə artmışdır. Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə hərtərəfli yenidənqurma işləri aparılmışdır.
Sərgidə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, o cümlədən Fondun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumatlar da geniş əksini tapmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev konfransı giriş nitqi ilə açmışdır.
Prezidenti İlham Əliyev qeyd etmişdir ki, son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə artmışdır. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmamışdır. Bunun başlıca səbəbi aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai asayişdir. Sabitlik və düşünülmüş siyasət iqtisadi sahədə inkişafa da gözəl şərait yaratmışdır. Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır. Bu iki istiqamət arasında uzlaşma vardır. Hesab edirəm ki, Azərbaycan təcrübəsi bu baxımdan başqa ölkələr üçün də maraqlı ola bilər.
İki proqramın icra edilməsi nəticəsində sənaye istehsalı 2,7 dəfə artmışdır. Əgər proqramın icrasının ilk illərində iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir. Təsadüfi deyildir ki, keçən il qeyri-neft sektorumuzun artımı təqribən 10 faiz təşkil edirdi. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir. Ümumiyyətlə, keçən il iqtisadiyyat təqribən 6 faiz artmışdır.
Konfransda İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Nəqliyyat naziri Ziya Məmmədov, Kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış etmişdir.
Sonda Prezident cənab İlham Əliyev yekun nitqi ilə çıxış etmişdir.

Keçidlər