Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

26 fevral 2014 | 16:00

25 fevral 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasimdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri rayonun ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri və nəhayət, Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər gənc iştirak etmişdir.
Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
        Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verərək  bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləmiş, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışmış, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirmişdir.
        A.Fərzəliyev demişdir ki, Xocalının yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı da yaxından iştirak etmiş, şəhərin dinc əhalisinə divan tutulmasında canfəşanlıq göstərmiş, nəticədə görünməmiş vəhşiliklər törədilmişdir. Bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyildir. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr qəddarlıqla qətlə yetirilmiş, süngüdən keçirilmişlər.
Natiq,  çıxışında Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd etmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli lider hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğulamışdır. A.Fərzəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlərin artıq beynəlxalq ictimaiyyət tərəfindən tanınmaqda olduğunu xüsusilə vurğulamışdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Daha sonra çıxış edən Xocalıdan olan şəhid ailəsi Brilliyant Hacıyeva Xocalıda erməni vandalları tərəfindən törədilən qətliamın canlı şahidi olduğunu və bunu tarixdə ən dəhşətli faciə kimi qiymətləndirmişdir. B.Hacıyeva bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayaraq ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri daha da artırdığını söyləmişdir.
Mərasimdə Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına,  Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunmuşdur.
Anım mərasimi rayonun bir qrup gənc tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan şəhid ailələrinə və Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər gəncə birdəfəlik maddi yardımlar göstərilmişdir.

Keçidlər