Nərimanov rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsini anılır.
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar, rayonun idarə və təşkilatlarında, ümumtəhsil müəssisələrində insanlığa qarşı cinayət olan bu dəhşətli faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilmişdir.
26 fevral 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, Nərimanov rayonunun ictimaiyyəti, rayonun idarə və təşkilatlarının əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etmişdir. Faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmiş və abidə önünə gül dəstələri qoyulmuşdur.
Ölkəmizin tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından 22 il ötür. Ancaq onun ağrı-acıları hələ də qəlbimizdə yaşayır. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımılarının daha dəhşətli formasıdır. Bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, 275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyildir. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Bu, bəşər tarixində ən qanlı olaylar sırasında daim xatırlanmaqla yanaşı, ermənilərin əsl mahiyyətinin, iç üzünün ifşa edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.