Nərimanov rayonunda yerləşən təhsil müəssisələrində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir.
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar, Nərimanov rayonunun idarə və təşkilatlarında, xüsusilə də ümumtəhsil müəssisələrində insanlığa qarşı cinayət olan bu dəhşətli faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilmişdir.
Rayonun təhsil müəssisələrində fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr edilmiş və şagird və tələbələrə Xocalı qətliamının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələri, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atması haqqında ətraflı məlumat verilmişdir.
Rayonun təhsil müəssisələrində ədabi-bədii gecələr, rəsm sərgiləri, anım mərasimləri təşkil olunmuşdur.
Bir neçə gün əvvəldən faciə qurbanlarının xatirəsinin anıldığı silsilə tədbir və aksiyalar keçirilməyə başlanmışdır. Belə ki, 82 nömrəli tam orta məktəbdə “Vətən bizi çağırır” mövzusunda anım tədbiri təşkil olunmuşdur, Rayon Uşaq Yaradıcılığı Mərkəzi tərəfindən orta məktəblərdə “Xocalı harayı” mövzusunda rəsm sərgisi nümayiş etdirilir. Həmçinin Azərbaycan Turizm İnstitutunda “Xocalı gəncləri” mövzusunda xocalılarla görüş təşkil olunmuşdur. Azərbaycan Müəllimlər İnstitutunun müəllim-tələbə kollektivi Azərbaycan Dövlət Dram Teatrında Xocalı faciəsinə həsr olunmuş “Xəcalət” tamaşasını izləmişdir.
Nərimanov rayonunda yerləşən "Bakı Avrasiya" Universitetinin Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilmiş "Xocalıya Ədalət Aksiyası" təşkil olunmuşdur. Aksiyada 120 nəfər tələbə iştirak etmişdir.