Ulu öndər Heydər Əliyev irsinin öyrədilməsi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunda xüsusi dərslər tədris olunmuşdur.
3 mart 2014-cü il tarixdən etibarən Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslərin tədrisinə başlanılmışdır.
Dərslərin keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən öncədən hazırlanmış tövsiyələr və tezislər ümumtəhsil müəssisələrinə göndərilmişdir. Mövzuların tədrisi üçün qrafik tərtib edilmiş, ixtisaslı tarix müəllimlərindən ibarət tərkib müəyyənləşdirilmişdir.
İlk tədris günündə, yəni 2014-cü ilin martın 3-də “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda dərslər Azərbaycan Müəllimlər İnstitutunda Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam, Laçın və Kəlbəcər rayonlarının Nərimanov rayonunda yerləşən tam orta məktəblərinin şagirdləri üçün təşkil edilmişdir. Dərslərdə ümumilikdə 112 şagird iştirak etmişdir. Dərslər Azərbaycan dilində, Nərimanov rayonunun 34 və 304 nömrəli tam orta məktəblərinin müəllimləri - Leyla Mürsəlova və Sevda Adıgözəlova tərəfindən keçirilmişdir. İkinövbəli keçirilən dərslərin sonunda şagirdlər arasında fikir mübadiləsi aparılmış, onların fikirləri dinlənilmişdir.