Azərbaycan Müəllimlər İnstitutunda yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndərin irsinin öyrədilməsi ilə əlaqədar xüsusi dərslər davam etdirilir.
4 mart 2014-cü il tarixdə müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Azərbaycan Müəllimlər İnstitutunda yerləşən Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda növbəti aşıq dərslərin tədrisi davam etdirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən öncədən hazırlanmış tövsiyələr və tezislər əsasında təşkil edilmiş açıq dərslər zamanı bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, iqtisadi və siyasi sabitliyə nail olunmuşdur. Respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, Azərbaycanda hüquqi və demokratik dövlət, ordu quruculuğu, təhsil, mədəniyyət, idmanın inkişafı və digər məsələlər barədə ətraflı məlumat verilmiş, həmçinin qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu daxili və xarici siyasət, sosial-iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın da iştirak etdiyi açıq dərslərdə Nərimanov rayonu ərazisində yerləşən 34 və 304 nömrəli tam orta məktəblərin XI sinif şagirdləri iştirak etmişlər.
Məktəblilər açıq dərslərdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmiş, onun şərəfli ömür yolunu əks etdirən videoçarxı izləmiş, eksponatlar, foto və kitablarla tanış olmuşlar.