Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Müəllimlər İnstitutunda məzunlarla görüş olmuşdur

04 iyul 2012 | 15:00

Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) məzun gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları institutun Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ulu öndərin büstü önünə əklil qoymuşlar.
AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi təhsil ocağının qazandığı uğurlardan danışmışdır. Rektor ümummilli lider Heydər Əliyevin ideyalarının, ulu öndərin gənclər siyasətinin hazırda daha da inkişaf etdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
A.Naxçıvanlı cari ildə Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarında ümumilikdə 1718 bakalavr və 17 magistrin təhsillərini başa vurduqlarını bildirmiş, məzunları təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov ölkəmizdə təhsil sahəsində həyata keçirilən dövlət proqramları və onların əhəmiyyətindən, aparılan təhsil islahatlarından, yeni kurikulumların və təhsil metodologiyalarının hazırlanmasından danışmışdır. O, Azərbaycan gənclərinin ictimai-siyasi hadisələrdə iştirakını stimullaşdırmaq üçün son illərdə ölkəmizdə xeyli işlərin görüldüyünü, bir sıra mütərəqqi sənədlərin qəbul olunduğunu qeyd etmişdir.
Q.Novruzov çətin və şərəfli müəllim peşəsinə yiyələnmiş gənclərin gələcək nəslin tərbiyəsində mühüm rolunu diqqətə çatdırmış, məzunları təbrik etmişdir.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev AMİ-nin bu gün müstəqil Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsi, milli dövlətçilik ideologiyasının təbliği sahəsində uğurlu fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında mühüm yerlərdən birini tutduğunu bildirmişdir. T.Tağıyev ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılmış gözəl şəraitin böyük imkanlarını diqqətə çatdırmış, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Məzunlar müasir standartlara cavab verən ali təhsil ocağında yaradılmış hərtərəfli şəraitə görə minnətdarlıqlarını bildirmiş, doğma institutun adını həmişə uca tutacaqlarını vurğulamışlar.
Təhsildə fərqlənmiş və institutun ictimai işlərində fəallıq göstərmiş məzunlara fəxri fərmanlar, bu il məzun olan magistrlərə isə diplomlar təqdim edilmişdir.
Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır.
 

Keçidlər