Nərimanov rayonunda Novruz bayramı münasibəti ilə bayram tədbiri keçirilmişdir.
18 mart 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə metronun “Nəriman Nərimanov” stansiyasının yanındakı parkda xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilmişdir.
Tədbirdə ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunmuş, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəmişdir.
Tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaratmışdır.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatmışlar.
Rayon İcra Hakimiyyəti rəhbərliyi, Milli Məlisin rayon ərazisindən seçilmiş deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar və ziyalılar, şəhid ailələri və nəhayət rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirində iştirak etmişlər.