Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümü qeyd olunmuşdur.

28 mart 2014 | 16:00

27 mart 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümü münasibətilə tədbir təşkil olunmuşdur.
Tədbirin əvvəlində milli təhlükəsizlik orqanlarının inkişaf tarixindən, onların effektiv fəaliyyətindən, ölkəmizə qarşı daxili və xarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərin əks olunduğu sənədli film nümayiş olunmuşdur.
Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov Rayon İdarəsinin rəhbərliyi və əməkdaşları, Milli Məclisin deputatları rayon ərazisindən seçilmiş deputatları, milli təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri, ziyalılar və fəal gənclər iştirak etmişdir.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev milli təhlükəsizlik orqanları əməkdaşlarını təbrik edərək qeyd etmişdir ki, Respublikamızın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Azərbaycan milli təhlükəsizlik orqanının rolu əvəzedilməzdir.
Ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində son illər daha dinamik şəkildə inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir.
Natiq vurğulamışdır ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirən təhlükəsizlik orqanları əməkdaşlarının müstəsna xidmətləri vardır. 
Daha sonra çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov Rayon İdarəsinin rəisi, polkovnik İlham Babayev qeyd etmişdir ki, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin  dövlət başçısı seçilməsindən sonra Milli Təhlükəsizlik Nazirliyində islahatlara başlanıldı. Bu islahatlar MTN-in müstəqil Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatında iştirak edən müasir xüsusi xidmət orqanı kimi formalaşdırılması məqsədini daşıyırdı. Bu dövrdən sonra xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması baxımından mühüm nailiyyətlər əldə olunmuşdur.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov   Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açmışlar. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində MTN-in fəaliyyətinin təkmilləşdirildiyi qeyd olunmuşdur. Milli Məclisin deputatları son dövrlər bəzi xarici dairələr tərəfindən ölkəmizə qarşı təhdidlərin artdığını, gənclərimizin müxtəlif radikal qruplaşmalar tərəfindən xarici ölkələrdə baş verən silahlı qarşıdurmalara cəlb edildiyini qeyd edərək, respublikamızın müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanlarının daim yüksək sayıqlıq və peşəkarlıq göstərdiyini bildirmiş və onlara çətin və şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulamışlar.
Yekunda xidmətdə fərqlənmiş Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov Rayon İdarəsinin bir sıra əməkdaşları Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər