Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətində anım tədbiri keçirilmişdir.

01 aprel 2014 | 15:00

31 mart 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri  keçirilmişdir.
Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışmış, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulamışdır.
İ.Mahmudova 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbər tutmağa başladığı vurğulanmışdır. XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, erməni işğalçılığının geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktları tarixi faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır.
Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclərin qatıldığı tədbirdə qeyd edilmişdir ki, 1890-cı ildə "Daşnaksütyun" partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər "yazıq millət" pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə mərhələlərlə davam etmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən, 1905-1907-ci illər hadisələri zamanı Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi.
1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində dəhşətləri ilə yadda qalan soyqırımı cinayətləri həyata keçirmişlər. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmiş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Qubada azərbaycanlılarla yanaşı, etnik azlıq təşkil edən dağ yəhudiləri də soyqırımına məruz qalmışlar. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılmış və yandırılmışdır. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlının evi yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.
Mərasimdə həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamına əsasən, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması xüsusi olaraq diqqətə çatdırılmışdır.
Tədbirdə Azərbaycan dövlətinin xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün bütün dünyada fəal iş apardığı, bu mənada qarşıda duran əsas vəzifələrin xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarət olduğu nəzərə çatdırılmış və tezliklə dünya birliyinin ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcəyi və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcəyinə əminlik ifadə olunmuşdur.

Keçidlər