Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.

09 aprel 2014 | 15:00

8 aprel 2014-cü il tarixdə Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı maarifləndirici layihəsi  çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir.
Rayon rəhbərliyi, ictimaiyyəti, ziyalılar və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bu qəbildən olan tədbirlərin milli-mənəvi dəyərlərimizin, o cümlədən də, zəngin tariximizin dərin köklərindən qaynaqlanan ailə dəyərlərinin qorunmasında mühüm əhəmiyyətini qeyd edərək,  gənclərin ailə dəyərlərini qorumaq və ailəni möhkəm təməllər üzərində formalaşdırmaq baxımından yaşlı nəslin əldə etdiyi sosial təcrübədən faydalanmasının vacibliyini vurğulamışdır.
Dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərlərinin daim yüksəklərdə durmalı olduğu fikrini xüsusi olaraq önə çəkən İ.Mahmudova ölkə rəhbərinin təşəbbüsü əsasında gənc ailələrə göstərilən diqqət və qayğıdan, gənc nəslin təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün yüksələn templə inkişaf edən müstəqil Azərbaycanda rahat və qayğısız yaşaması naminə dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələrdən, ardıcıl və sistemli tədbirlərdən danışmışdır.
Natiq eyni zamanda, bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayaraq, onun dəstək verdiyi bütün layihələrin xalqımızın milli-mənəvi dəyərləri ilə yanaşı, ailə dəyərlərinin də geniş təbliğinə zəmin yaratdığını diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən milli təhlükəsizlik orqanlarında uzun müddət çalışmış Şirin Hacıkərimov və Nərimanov Rayon Ağsaqqallar Şurası sədrinin müavini Məhərrəm Sadıqov dövlətin gənclər siyasətindən ətraflı danışaraq, dövlətimiz  tərəfindən gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunmaları, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yaşlılara hörmət, kiçiklərə qayğı kimi ənənələrin davam etdirilməsi məqsədilə maarifləndirici tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirmişlər.
Onlar möhkəm və davamlı ailənin qurulmasında hüquqi maarifləndirmənin zəruriliyini,  sağlam həyat tərzinin fiziki, qarşılıqlı hörmət və ehtiramın isə psixoloji baxımdan sağlam ailənin təminatçısı olduğunu, ailə münasibətlərinin möhkəmlənməsində milli-mənəvi dəyərlərin mühüm əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırmışlar.

Keçidlər