Nərimanov rayonunda vətəndaşların tibbi müayinələrdən keçirilməsi kampaniyası davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdəki sosial-iqtisadi tərəqqi ölkə həyatının bütün sahələrində olduğu kimi səhiyyə sahəsində də yüksək nailiyyətlərin əldə olunmasına əlverişli şərait yaratmışdır.
Əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısıının tapşırığına əsasən fevralın 14-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası Nərimanov rayonunda da uğurla aparılır. Bununla əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xususi qrafiklər tərtib olunmuşdur. Rayonda aksiya ilə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir, görülən işlər icra hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün rayon ərazisindəki 9 poliklinikada bütün lazımi şərait yaradılmışdır.
Növbəti bu qəbildən olan tədbir rayon ərazisində yerləşən 1 nömrəli Bakı şəhər Dəmiryolu poliklinikasında həyata keçirilmişdir. Gün ərzində yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocağına gələrək tibbi müayinədən keçmişlər. Müayinədən keçənlər arasında təkrar tibbi müayinədən keçənlər də olmuş və onlarda əvvəlki müayinə zamanı aşkar olunmuş xəstəliklərinin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülmüşdür.
1 nömrəli Bakı şəhər Dəmiryolu poliklinikasının baş həkimi Ceyhun Hacıyev poliklinikanın yerləşdiyi ərazi üzrə ümumilikdə 6 min nəfərin tibbi müayinədən keçdiyini, onlardan 571 nəfərə ambulator, 28 nəfərə stasionar müalicə təyin edildiyini bildirmişdir.
Fevralın 17-dən etibarən artıq Nərimanov rayonu üzrə 42 min 161 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Onlardan 5 min 456 nəfərə ambulator, 134 nəfərə stasionar müalicə təyin edilmişdir.
Müayinədən keçən vətəndaşlar ölkə başçısının bu nəcib təşəbbüsünü böyük rəğbətlə qarşılayaraq onların sağlamlıqlarının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişdir.