“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2014-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir.
“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2014-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu öndərin əziz və parlaq xatirəsini ehtiramla yad etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək cari il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirmişdir. A.Fərzəliyev hesabat məruzəsində tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2014-cü ilin birinci rübündə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini nəzərə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ilin birinci rübündə, cari il yanvarın 7-də respublikanın ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin təntənəli açılışında iştirak etmiş, 7 mart 2013-cü il tarixdə isə Nərimanov rayonunda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişatı ilə tanış olmuşdur.
Birinci rübün yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 587,8 milyon manatlıq məhsul istehsal olunmuş, istehlakçılara 556,4 milyon manatlıq sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 85,2 faiz təşkil etmişdir.
Ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 927 nəfər artaraq 10684 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 6,6 faiz artaraq 483,9 manata çatmışdır.
Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 684 daimi iş yerləri yaradılmışdır.
Rüb ərzində bütün mənbələr hesabına əsas kapitala 201,9 milyon manatlıq investisiya qoyulmuşdur ki, keçən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artım əldə edilmişdir.
Bildirilmişdir ki, rüb ərzində “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və Əhməd bəy Ağaoğlu küçəsi ilə birləşdirilməsi, Ziya Bünyadov küçəsinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilmişdir.
Şəhərimizin ümumi görkəminə xələl gətirən H.Əliyev prospekti, Koroğlu Rəhimov, Akademik H.Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilmişdir. Qeyd olunan binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli yaşayış binasının və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir və yaxın müddətdə sakinlərin istifadəsinə veriləcəkdir.
K.Rəhimov küçəsində sökülmüş 7 yaşayış binasının yerində rayon sakinlərinin mənalı istirahət yerinə çevriləcək ən müasir parkın salınması davam etdirilir, artıq parkın birinci hissəsində işlər başa çatdırılmışdır. Öz füsünkar gözəlliyi ilə seçilən, avropa istehsalı olan tikinti materiallarından istifadə edilməklə salınmış parkın birinci hissəsi artıq sakinlərin istifadəsinə verilmişdir. Parkın ikinci hissəsinin 2 mərtəbəli yeraltı avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur.
Eyni zamanda, nəzərə çatdırılmışdır ki, rayonda təhsilin inkişafı məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirilir. Belə ki, 22 məktəbdən 9730 şagird yerlik 11 məktəb əsaslı təmir olunmuş, 3 məktəb üçün 1940 yerlik əlavə tədris korpusu inşa edilərək şagirdlərin istifadəsinə verilmişdir. Hazırda 47 nömrəli məktəbdə əsaslı təmir işləri və 207 nömrəli məktəbin əlavə tədris korpusunun inşası davam etdirilir. Rayon ərazisində fəaliyyət göstərən 27 məktəbəqədər tərbiyə müəssisəsindən 19-u əsaslı təmir olunmuşdur. Cari ilin birinci rübü ərzində əsaslı təmirdən sonra 180 və 89 nömrəli uşaq bağçaları istifadəyə verilmişdir.
İclasda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Nərimanov rayonunda müasir Azərbaycan tarixinin və Ulu öndər Heydər Əliyev irsinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə rayon ərazisində yerləşən tam orta məktəblərin XI sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslərin tədrisi istiqamətində görülən tədbirlər barədə danışmışdır. İ.Mahmudova qeyd etmişdir ki, dərslərin tədrisi zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkürəsi, xalqımız və dövlətimiz qaşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilir.
İclasa rayonun rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri qatılmışlar.
Yekunda Abdin Fərzəliyev vurğulamışdır ki, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində rüb ərzində çox böyük işlər görülmüş və bu işlər gələcəkdə də uğurla davam etdiriləcəkdir.