Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verir.
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında ətraf mühitin qorunması və ekologiya ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq, 19 aprel 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilmişdir.
Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan və alaq otlarından təmizlənərək, burada İtaliyadan gətirilmiş 300-dən çox Leylandra növlü ağaclar əkilmişdir.
Qeyd olunan ərazinin yaşıllaşdırılması istiqamətində mütəmadi olaraq abadlıq işləri aparılmış və bu qəbildən olan müxtəlif növ dekorativ ağac və kollar əkilərək sözügedən yaşıllıq zolağının da həmçinin, paytaxtımızın oksigenlə zəngin guşəsinə çevrilməsi üçün ardıcıl işlər davam etdirilməkdədir.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu cür genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatlarda davam etdirilir.