Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü tamam olur

29 aprel 2014 | 15:00

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Əliyevin ailəsində anadan olmuşdur. 1923-cü ilin may ayında Əziz Əliyev Bakıya köçmək qərarına gəlir. Ağır bir dövrdə İrəvan gimnaziyasını qızıl medalla bitirən, təhsildə böyük uğur əldə edən Əziz Əliyev yarımçıq qalmış təhsilini hökmən bitirməli idi. O, Bakıda universitetin tibb fakültəsini, sonra isə aspiranturanı bitirərək elmlər namizədi olur. Qısa bir zaman çərçivəsində doktorluq dissertasiyasını da müdafiə edir. 1929-cu ildə Əziz Əliyev Azərbaycan Səhiyyə Komissarlığında səhiyyə komissarının müavini vəzifəsində çalışır.
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.
Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən - sintomisindən istifadə olunmasına həsr edir. Bu dövrdə Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Uğurlu tədqiqatların nəticələri Z.Ə.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.
Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başlayır. O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.

1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona "Oftalmologiya" ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
1967-ci ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı.
Həmin dövrdə Zərifə xanım Əliyeva həkimlik fəaliyyəti ilə məşğul olur: bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik, onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı, o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır.
1968-ci ildən başlayaraq Z.Ə.Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Qeyd etmək lazımdır ki, bir sıra ciddi elmi məsələlərlə yanaşı, Zərifə xanım bütün ömrü boyu peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemlərinə xüsusi maraq göstərmişdir. Eyni zamanda, o, bir sıra məsələlərə, o cümlədən yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirmişdir.
Zərifə xanım bu problem üzərində iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirmişdir. Bununla yanaşı, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparmışdır. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. O, "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Ə.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Z.Ə.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Elə ilk gündən Z.Ə.Əliyeva ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bildi.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
1983-cü ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi.
Həmin dövrdə Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş maraqlı tədqiqatlar aparmışdır. O, gərgin və gərəkli tədqiqatlar nəticəsində bir sıra elmi məqalələr və iki monoqrafiya - "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" və "Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi" monoqrafiyalarını çap etdirmişdir.
Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Ə.Əliyevanın daktiologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib.
Zərifə xanım Əliyeva fundamental "Terapevtik oftalmologiya" kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır.
Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. O, "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərin müəlliflərindən biridir. Həmin kitab bu gün həkimlərin iş təcrübəsində əvəzolunmaz elmi vəsaitdir.
Z.Ə.Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün böyük əhəmiyyət kəsb edir.
Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Z.Ə.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.
Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adını almışdır.
Görkəmli alim bütün dünyada birinci olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, həmin zavodun və digər iri sənaye müəssisələrinin işçilərinə müalicə köməyi də göstərilib. Hal-hazırda da Nərimanov rayonu ərazisində yerləşən həmin zavodda Zərifə xanım Əliyevanın fəaliyyət göstərdiyi iş otağı muzey kimi fəaliyyət göstərməkdədir.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, Ümummilli Liderimiz Heydər Əliyev Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi.
Təəssüf ki, müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi.
Qəlbində olan Azərbaycan sevgisi onu yaşatdı. Çünki o, Azərbaycan üçün lazım idi. Dərin bir uçuruma yuvarlanan Azərbaycanı ancaq o xilas edə bilərdi. Xilas etdi də. Qalan ömrünü odlar yurdunun rifahı naminə fəda etdi. Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmədi. Lakin həmişə onun ruhunu yanında hiss etdi, ondan güc-qüvvə aldı. 2003-cü il dekabrın 12-də Zərifə xanımın kədərli baxışlarına bir sevinc bəxş etdi. Enişli-yoxuşlu yollarda birgə addımladığı ömür-gün yoldaşına qovuşdu. Bir-birlərinə qovuşduqları üçün sevindilər. Amma arxada gözü yaşlı milyonlarla insan qaldı...

Keçidlər