Heydər Əliyev Mərkəzi "Arxitektura" nominasiyasında nüfuzlu "Designs of the Year-2014" mükafatının sahibi olmuşdur.
Müasir dizayn və arxitektura sahəsində ən nüfuzlu institutlardan biri olan London Dizayn Muzeyi (Design Museum) illik "Designs of the Year-2014" mükafatının qaliblərini açıqlayıb.
"Arxitektura" nominasiyasında qalib Nərimanov rayonunda yerləşən Heydər Əliyev Mərkəzi olub.
Münsiflər heyəti Heydər Əliyev Mərkəzini belə qiymətləndiriblər: "Bu, gözəldir, ilhamvericidir. Bu, xüsusi dahiliyin aydın görüntüsüdür və biz düşünürük ki, bu, çox gözəl binadır".
1989-cu ildə Londonda yaradılmış Dizayn Muzeyi dünyada aparıcı muzeydir. Onun ekspozisiyaları arxitektura və dizayna həsr edilib. Muzey dizaynın bütün sahələrini, o cümlədən qrafika, dəb və digərlərini əhatə edir.
İllik "Designs of the Year" dizayn mükafatı "Arxitektura", "Digital", "Dəb", "İnteryer dizaynı", "Qrafika", "Məhsullar" və "Nəqliyyat" nominasiyalarında ən yaxşı innovasiya layihələrini də seçir.
Heydər Əliyev Mərkəzi Azərbaycanın paytaxtı Bakıda, Heydər Əliyev prospektində inşa edilən mədəni mərkəzdir. Mərkəzin layihəsi 2007-ci ildə Zaha Hadid tərəfindən hazırlanıb. Nərimanov rayonunda yerləşən Heydər Əliyev Mərkəzi müasir Bakının simvollarından biri hesab edilir.