Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz narkomaniyaya yox deyirik” mövzusunda toplantı keçirilmişdir.

30 aprel 2014 | 15:00

29 aprel 2014-cü il tarixdə Nərimanov rayonunda yerləşən 177 nömrəli orta məktəbdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Biz narkomaniyaya yox deyirik” mövzusunda toplantı keçirilmişdir.
Məktəbin rəhbər heyətinin, şagird və müəllim kollektivinin, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin iştirak etdikləri tədbirdə bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışılmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişdir.
Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğu qeyd edən İ.Mahmudova ölkələrin, bir çox beynəlxalq təşkilatların, eyni zamanda, ölkəmizdə bu bəlanın qarşının alınması istiqamətində mühüm işlər aparıldığını vurğulamışdır.
Natiq bildirmişdir ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2007-2012-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın icrası ilə bağlı Dövlət Komissiyası, müvafiq nazirlik, komitə və təşkilatlar tərəfindən mühüm işlər görülmüşdür. Lakin Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meylli insanların sayında artım müşahidə olunur.
Vurğulamışdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və 132 kilometrlik dövlət sərhədinin nəzarətdən kənarda qalması da narkotik cinayətkarlığı artıran səbəblərdəndir. Əfqanıstandan gətirilən narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında işğal altındakı Qarabağ ərazisindən tranzit kimi istifadə olunur. Ermənilər Azərbaycanın işğal olunmuş ərazisində yetişdirdikləri narkotik maddələri sataraq yüksək qazanc götürür və bunu Azərbaycanın əleyhinə yönəldir, 100 minlərlə gəncin həyatını zəhərləyirlər.
Həmçinin xüsusi olaraq nəzərə çatdırılmışdır ki, Azərbaycanda narkotikaya aludə olmuş şəxslərin 17 faizinin gənclər təşkil edir və bu göstərici digər ölkələrlə müqayisədə aşağı olsa da, narahatlıq doğurmaya bilməz.
Qeyd olunan sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, kəsərli proqram və layihələrin icrasının, eləcə də belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın uğurla həyata keçirildiyi, bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunmasının vacibliyi dilə gətirilmiş, vətəndaş cəmiyyəti, bələdiyyələr, dövlət qurumları, hüquq mühafizə orqanları ilə birgə əməkdaşlığın ölkədə və regionlarda narkomaniyanın qarşısının alınmasına sanballı töhfə ola biləcəyi vurğulanmışdır.
Narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırmışlar.
Diqqətə çatdırılmışdır ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur, eyni zamanda, orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar.
Məktəblilərin bu qəbildən olan tədbirlərin reallaşması nəticəsində narkomaniyanın ziyanı haqqında kifayət qədər maariflənəcəyinə, öz təşəbbüsləri, kreativ ideyaları vasitəsilə narkomaniya əleyhinə təbliğatda fəallıq göstərərək özlərini bu işin qurulmasında lazımlı və gərəkli hiss edəcəklərinə əminlik ifadə olunmuşdur.
Toplantıda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün Nərimanov rayonunda (012) 496-95-43 nömrəli etimad telefonunun fəaliyyət göstərdiyi elan edilmişdir.

Keçidlər