Nərimanov rayonunda faşizm üzərində Qələbənin 69-cu ildönümü qeyd edilmişdir.
9 may 2014-cü il tarixdə Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 69-cu ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Böyük Vətən müharibəsi veteranları, Milli Məclisin deputatları, MDB ölkələrinin ölkəmizdəki səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbçilər, gənclər, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şahinlərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündən fəxri keçidi olmuşdur.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə veriyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu bildirərək, həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini vurğulamışdır.
A.Fərzəliyev qeyd etmişdir ki, faşizmə qarşı mübarizədə xalqımız döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərmişdir. Şanlı Qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi.
Azərbaycan rəhbərliyinin bu müharibədə həlak olanların xatirəsinə ehtiramla yanaşdığını vurğulayan A.Fərzəliyev “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksinin Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını qeyd etmişdir. Bildirmişdir ki, sahəsi 11 min 220 kvadratmetr olan ərazidə müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş 1462 qəhrəman döyüşçü dəfn olunmuşdur. Dəfn olunanlar arasında müxtəlif xalqların nümayəndələri vardır.
Natiq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşdığını, məhz Ulu Öndərin diqqət və qayğısı nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqlarının özlərinə qaytarıldığını və bu dahi şəxsiyyətin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə Qələbə Gününün qeyd olunduğunu diqqətə çatdırmışdır.
A.Fərzəliyev həmçinin bildirmişdir ki, Ulu Öndərimizin bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.
Tədbirdə müharibə veteranları çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
MDB ölkələri səfirləri adından veteranları təbrik edən Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd etmişdir. Səfir, Azərbaycanın müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasında verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandırmışdır.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə olan diqqət və qayğı artmış və Qələbə Günü Azərbaycanda daha möhtəşəm qeyd olunmağa başlanmışdır. Natiq bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulamışdır.
Böyük Vətən Müharibəsi veteranları adından çıxış edən Novruz Mahmudov müharibənin dəhşətlərindən danışmış, daha sonra ölkə rəhbərliyinin veteranlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişdir.
Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuş və gül dəstələri düzmüşlər.








