Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilmişdir.
Cari ilin aprel – may aylarında Rusiya Federasiyasının Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində 10 may tarixində Heydər Əliyev parkında da mərasim baş tutmuşdur.
Tədbirdə Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti, Həştərxan vilayətinin rəhbərliyi, burada fəaliyyət göstərən Azərbaycan və digər ölkələrin diasporlarının nümayəndələri, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.
İlk növbədə iştirakçılar Həştərxan şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül dəstələri qoyulmuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Daha sonra Heydər Əliyev adına 11 saylı orta məktəbdə keçirilən mərasimdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən danışılmışdır.