Rusiyanın Həştərxan şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinin qubernatoru ilə görüşü baş tutmuşdur.
Heydər Əliyev Fondunun 10 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərlə əlaqədar Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərində səfərdədir.
Mayın 12-də Həştərxanda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin görüşü olmuşdur.
Qubernator A.Jilkin Heydər Əliyev Fondunun Həştərxanda gördüyü işlərə görə minnətdarlığını bildirərək demişdir: “Biz Heydər Əliyev Fondunun 10 illiyini məmnuniyyətlə qeyd edirik. Bütün həştərxanlılar adından Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda böyük işlər görüldüyünü vurğulayan qubernator Heydər Əliyev adına Parkın, uşaq şəhərciyinin, Rusiya-Azərbaycan dostluq körpüsünün salınmasını, Knyaz Vladimirin abidəsinin ucaldılmasını, regionda ən yaxşı orta təhsil müəssisəsi olan Heydər Əliyev adına məktəbin yenidən qurulmasını qeyd etmişdir. O demişdir: “Bütün bunlar Azərbaycanın bugünkü inkişaf dinamikasının təməlini qoymuş böyük şəxsiyyət Heydər Əliyevin xatirəsinə ehtiramın əlamətidir”.
Azərbaycan ilə Həştərxan vilayəti arasında humanitar əlaqələrdən söz açan A.Jilkin bu il Həştərxanda Azərbaycan Mədəniyyəti Günləri keçirməyi təklif etmişdir. O bildirmişdir ki, bu il Bakı Slavyan Universitetinin köməyi ilə Həştərxan Dövlət Universitetində Azərbaycan Dilinin Öyrənilməsi Mərkəzi açılacaqdır. Bundan əlavə, Həştərxanda regional telekanal fəaliyyətə başlamışdır. Bu telekanal “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq edə bilər. A.Jilkin vurğulamışdır ki, iqtisadi əlaqələr dinamik inkişaf edir, birgə layihələr həyata keçirmək planlaşdırılır.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin salamlarını qubernatora çatdıraraq vurğulamışdır ki, Azərbaycan təkcə Rusiya Federasiyası ilə deyil, həm də onun subyektlərinin əksəriyyəti ilə birbaşa əlaqələr saxlayır. Əli Həsənov demişdir: “Biz Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin iradəsindən çıxış edərək, regionlar səviyyəsində ikitərəfli münasibətləri möhkəmləndiririk. Həştərxan bu sırada xüsusi yer tutur. Zənnimcə, bizim ticarət-iqtisadi və humanitar sahələrdə çoxşaxəli əməkdaşlığımız Rusiyanın digər regionları üçün örnək ola bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən ilin noyabr ayında öz Sərəncamı ilə Sizi “Dostluq” ordeni ilə təltif etməsi qanunauyğun haldır”.
Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün geniş şəkildə qeyd edildiyini bildirən Əli Həsənov demişdir: “Bu il Heydər Əliyev Fondunun yaranmasının 10-cu ildönümü də qeyd olunur. Fond təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından uzaqlarda, o cümlədən Həştərxanda irimiqyaslı layihələr həyata keçirir. Sevindirici haldır ki, təsdiq edilmiş plana uyğun olaraq, bu əlamətdar gün münasibətilə Həştərxanda təntənəli tədbirlər keçirilir”.
Görüşdə Milli Məclisin deputatları, Heydər Əliyev Fondunun nümayəndəsi vəNərimanov Rayon İcra Hakimiyyətinin başçısı iştirak etmişlər.