Azərbaycan nümayəndə heyəti Həştərxanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir.
Mayın 12-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Həştərxanda olan Azərbaycan nümayəndə heyəti Ulu Öndərin bu şəhərdə ucaldılan abidəsini ziyarət etmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin abidə önünə əklil qoyaraq Ümummilli Liderin xatirəsini anmışlar.
Mərasim zamanı Aleksandr Jilkin Həştərxanda həyata keçirilmiş layihələrə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna səmimi təşəkkürünü bildirmişdir. Qubernator qeyd etmişdir ki, bu humanitar tədbirlərin, bu layihələrin gerçəkləşməsi real münasibətlərdir, kağız üzərində yox, praktiki dostluq əlaqələridir.
Daha sonra Əli Həsənov vurğulamışdır ki, Rusiyanın subyektləri arasında Həştərxan xüsusi yer tutur. Həştərxan ilə Azərbaycan arasındakı münasibətlər Rusiya Federasiyasının digər subyektləri üçün müəyyən mənada nümunədir. Həştərxanda keçirilən tədbirlər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur.