Heydər Əliyev Fondu tərəfindən Həştərxanda inşa olunan Knyaz Vladimirin abidəsi ziyarət edilmişdir.
Həştərxan şəhərində rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Knyaz Vladimirin abidəsini ziyarət etmişdir.
Nümayəndə heyəti Knyaz Vladimirin Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılan abidəsi önünə gül dəstələri qoymuşlar.
Qeyd edək ki, bu abidənin təməl daşı 2012-ci il sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycanın nüfuzlu nümayəndə heyətinin iştirakı ilə qoyulmuşdur. Tuncdan hazırlanmış və qranit postament üzərində ucaldılmış abidənin hündürlüyü dörd metrdir. Abidə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmışdır. Memarlıq kompozisiyasının müəllifi Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyev, heykəlin müəllifləri həştərxanlı memar Aleksandr Fedorçenko və moskvalı heykəltəraş, Rusiyanın Xalq Rəssamı Andrey Kovalçukdur. Abidə Bakıda tökülmüş və Həştərxana çatdırılmışdır. Abidənin dörd tərəfində fəvvarələr qurulmuşdur.
Bu monumentin ucaldılması Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilmişdir.
Eyni zamanda abidə ətrəfındakı ərazi abadlaşdırılmış, müasir standartlara cavab verən yeni park salınmışdır.
Yuxarıda qeyd olunan Knyaz Vladimirin abidəsinin təntənəli açılış mərasimi 20 dekabr 2013-cü il tarixində Leyla xanım Əliyevanın iştirakı ilə baş tutmuşdur.