Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi ilə bağlı Həştərxanda təntənəli tədbir keçirilmişdir.
Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi ilə bağlı mayın 12-də Həştərxanda təntənəli tədbir keçirilmişdir.
Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə Həştərxan Dövlət Filarmoniyasında Fondun ötən dövrdə Bakı ilə yanaşı, respublikamızın regionlarında gördüyü işləri, həmçinin Həştərxanda həyata keçirdiyi layihələri əks etdirən fotosərgi nümayiş etdirilmişdir.
Vilayətin qubernatoru Aleksandr Jilkin Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə Həştərxanda tədbirin keçirilməsini əlamətdar və gözəl hadisə adlandırmışdır. Ulu Öndərin adını daşıyan Fondun yaranmasının 10 illiyinin dünya şöhrətli siyasi xadimin anadan olmasının 91-ci ildönümü ilə eyni vaxta təsadüf etdiyini deyən Aleksandr Jilkin Fondun Həştərxanda həyata keçirdiyi layihələrdən danışmışdır. O bildirmişdir ki, Heydər Əliyev Fondunun gördüyü işlər artıq bütün dünyada yüksək qiymətləndirilir.
Həştərxan vilayətinin qubernatoru Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya vilayətə göstərdikləri diqqətə və həyata keçirilən birgə layihələrə görə minnətdarlığını bildirmişdir. Həştərxanda Azərbaycan diasporuna böyük rəğbətin olduğunu deyən qubernator hazırda Fondun dəstəyi ilə şəhərdə uşaq bağçasının inşa olunduğunu diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əlaqələr və mehriban qonşuluq münasibətləri Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Əli Həsənov demişdir: “Bu gün Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir və hər iki dövlətin maraqlarına tam müvafiqdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ticari-iqtisadi, siyasi, mədəni və başqa sahələrdə sıx əməkdaşlıq edirlər. Hər iki dövlətin rəhbərlərinin birgə səyləri sayəsində XI yüzilliyin əvvəlində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır”.
Heydər Əliyev Fondunun fəaliyyətindən danışan Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, Fondun yaradılması təşəbbüsünün müəllifi məhz Azərbaycan xalqının ümummilli lideri idi. Əli Həsənov vurğulamışdır: “Ulu Öndər hələ Azərbaycan Prezidenti olduğu dövrdə istəyirdi ki, respublikada Azərbaycan xalqına xidmət edən, xarici ölkələrlə mədəni əlaqələrin genişləndirilməsi üzrə iş aparan, Azərbaycanın tarixi reallıqlarını dünya birliyinə çatdıran bir Fond fəaliyyət göstərsin. Heydər Əliyevin vəfatından sonra bu nəcib ideyanı Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası parlamentinin deputatı Mehriban xanım Əliyeva gerçəkləşdirdi”.
Heydər Əliyev Fondunun təhsil və səhiyyə, elm və mədəniyyət, ekologiya və idman, mədəniyyətlərarası və konfessiyalararası dialoq sahələrində həyata keçirdiyi genişmiqyaslı layihələrdən danışan Əli Həsənov demişdir: “On ildə Fondun təşəbbüsü və bilavasitə dəstəyi ilə təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından çox uzaqlarda – Avropa və Asiyanın müxtəlif ölkələrində çoxsaylı layihələr reallaşdırılmışdır. Uşaq evlərinin və məktəblərin tikintisi, tarixi-mədəni abidələrin, pravoslav və katolik kilsələrinin bərpası xalqlar arasında qarşılıqlı anlaşmanın və qarşılıqlı etimadın möhkəmlənməsinə, bəşəriyyətin mədəni irsinin qorunub saxlanmasına və zənginləşməsinə xidmət edir.
Bu gün dünyanın dörd ölkəsində Heydər Əliyev Fondunun nümayəndəlikləri fəaliyyət göstərir. Ümummilli Liderin nəvəsi Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyi Fondun ən fəal nümayəndəliklərindən biridir. Bu nümayəndəlik Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ilə birlikdə Azərbaycan xalqının tarixi-mədəni irsinin və ənənələrinin təbliğinə yönəlmiş bir sıra mühüm sosial-mədəni layihələr həyata keçirir, respublikamız haqqında həqiqətləri Rusiya və dünya ictimaiyyətinə çatdırır, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə sanballı töhfələr verir”.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Böyük Vətən müharibəsində qələbənin əldə olunmasının ildönümü münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdıran Fondun nümayəndəsi İlqar Mustafayev ötən 10 il ərzindəki icra olunan layihələrdən, bu qurumun dəstəyi ilə keçirilən beynəlxalq tədbirlərdən danışmışdır. O, qeyd etmişdir ki, Heydər Əliyev Fondunun layihələri ümumilikdə bütün dünya ictimaiyyəti tərəfindən çox müsbət qarşılanır. Fondun prioritetləri, dünyanın bir sıra ölkələrində reallaşdırdığı layihələrindən danışan İ.Mustafayev Fondun təhsilə dəstək layihəsi çərçivəsində Rusiyada gördüyü işləri xatırlatmışdır.
Sonra 9 May Qələbə günü münasibətilə və Azərbaycan ilə Həştərxan vilayəti arasında əlaqələrin dərinləşməsindəki töhfələrinə görə bir neçə nəfərə Heydər Əliyev Fondunun qiymətli hədiyyələri təqdim olunmuşdur.
Tədbir Azərbaycanın və Həştərxanın rəqs kollektivlərinin çıxışları, ölkəmizin tanınmış incəsənət ustalarının ifaları ilə davam etmişdir. Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə Həştərxanda keçirilən tədbirlər Ulu Öndərin adını daşıyan parkda təşkil edilmiş atəşfəşanlıqla yekunlaşmışdır.