Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Aqiyə Naxçıvanlı tələbələri mükafatlandırdı.

11 iyul 2012 | 15:00

Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin növbəti qalibləri mükafatlandırılıb.
Azərbaycan Müəllimlər İnstitutunda keçirilən görüşdə institutun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı qalib tələbələrlə görüşüb, onları təbrik edib, ətraflı fikir mübadiləsi aparıb, sonda tələbələrə mükafatlarını təqdim edib. Deputat təqdim etdiyi “Əsl tələbə necə olmalıdır?” mövzusu ilə əlaqədar göndərilmiş məqalələr içərisindən 3-nü yüksək yerə layiq görüb.
Bakı Slavyan Universitetinin Pedoqoji fakültəsinin I kurs tələbəsi Aysel Paşazadə müsabiqədə birinci yerə layiq görülüb. Qalib kamera və kitablarla mükafatlandırılıb.
II yeri Azərbaycan Müəllimlər İnstitutunun Filologiya və Təhsildə Psixoloji Xidmət fakültəsinin III kurs tələbəsi Maviyə Fərhadlı, III yeri Bakı Slavyan Universitetinin I kurs tələbəsi Aytac Məmmədova tutub. Hər iki qalibə fotoaparat və kitablar verilib.
Təqdimat zamanı rektor bildirib ki, o, bu tələbələrdə əsl vətəndaş ruhu görüb. “Bu yazılarda hiss etdim ki, tələbələr təhsildə neqativ halların qarşısının alınması üçün yollar axtarıb, milli-mənəvi dəyərlərin qorunub saxlanılması məsələsi qaldırılıb”.
Gənclik və tələbəlik illərindən danışan millət vəkili bugünki gənclərdən şikayətlənib: “Mən gənclərin təhsil, bilik səviyyəsindən razı deyiləm. Dünyada gedən proseslərlə çox az maraqlanırlar. Gənclər təhsilə önəm verməli, çox oxumalıdırlar. Əvvəlcə təhsil, sonra ailə haqqında fikirləşməlidirlər. Mən istərdim ki, gənclərin maraqlarını, dünyagörüşlərini, həyata baxışlarını əks etdirən mövzular təqdim olunsun. Maraqlıdır ki, gənclər prezident İlham Əliyevin uğurlu siyasətini, Qarabağ probleminin həllini necə görürlər? Bəlkə sağlam dünyagörüşlü gənclərimiz hələ təklif edilməyən elə bil düstur təqdim edə bilər ki, bu, problemin həllində əsaslı rol oynayar”.
Görüşün sonunda deputat hər bir tələbəyə işlərində və həyatda uğurlar arzulayıb. “Deputat-tələbə əməkdaşlığı” layihəsi çərçivəsində indiyədək deputatlar Vahid Əhmədov, Jalə Əliyeva, Elmira Axundova, Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Flora Qasımova iştirak ediblər və qalib tələbələri mükafatlandırıblar.
 

Keçidlər