Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatı Qadınlar Şurasının növbəti konfransı keçirilmişdir.
17 may 2014-cü il tarixində YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının növbəti konfransı keçirilmişdi. Konfransda YAP Nərimanov rayon təşkilatının xanım üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, fəal gənc xanımlar iştirak etmişlər.
Konfransı giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq ölkəmizin ictimai-siyasi həyatında qadınların rolu və fəallığını ölkə rəhbəri Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas hissələrindən birini təşkil edən qadınlar siyasətinin nəticə olduğunu qeyd etdi.
Daha sonra YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Nərimanov rayon İcra Başçısının birinci müavini Şahmar İbadov, Nərimanov rayon İcra Başçısının müavini İradə Mahmudova və gənc xanımlar çıxış edərək təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu Azərbaycan qadınlar siyasətinin hazırkı dövrdə Azərbaycan qadınlarına gənc xanımlarına olan xüsusi diqqət və qayğısı ilə layiqincə davam etdirən Cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın bu siyasət çərçivəsində imza atdıqları uğurlu layihələrdən geniş bəhs etdilər.
Konfransda çıxış edən Nərimanov rayon İcra Başçısının birinci müavini Şahmar İbadov vurğulamışdır ki, Azərbaycanda həyata keçirilən qadın siyasəti uğurlu nəticələr verməkdədir. Qadın və ailə problemlərinin həlli, dövlət həyatında onların yerinin düzgün müəyyənləşdirilməsi və cəmiyyətə verə biləcəyi töhfələr baxımından aparılan siyasət öz bəhrəsini verməkdədir. Bu gün qadınlar ötən illərə nisbətən daha çox cəmiyyət həyatında fəal rol oynayırlar.
Nərimanov rayon İcra Başçısının müavini İradə Mahmudova çıxışında qeyd etmişdir ki, dövlət müstəqilliyimizin bərpasından sonra ötən illər ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.
Sonda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədrinin, Konfransa üzvlərin, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının İdarə Heyəti üzvlərinin səsvermə yolu ilə seçilməsi həyata keçirildi və YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova yekdilliklə sədr seçildi. Konfransda iştirak etmək üçün 22 nəfər üzv seçildi.