1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda yerləşən Bakı Şəhər Psixonevroloji Uşaq Evində 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Rayon rəhbərliyinin, Psixonevroloji Uşaq Evinin həkimlərinin və burada müalicə alan uşaqların qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, sözügedən səhiyyə ocağında xəstəliyə düçar olmuş uşaqlara peşəkar həkim heyəti tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirmiş, onların müalicəsi üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir. İ.Mahmudova qeyd etmişdir ki, uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.
İ.Mahmudova ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırmışdır.
İ.Mahmudova bütün ölkə ərazisində fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən Nərimanov rayonunda həyata keçirilən layihələr barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş Kor və zəif görən Uşaqlar üçün Respublika internat məktəbinin, onun nəzdində musiqi məktəbinin, Zərifə Əliyeva adına uşaq bağçasının, 6 saylı uşaq poliklinikasının, “Ankara” məktəbinin, Psixonevroloji uşaq evinin yeni tikilən korpusunun, yeni inşa olunmuş Respublika Talassemiya Mərkəzinin və məktəb kompleksinin açılışları Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara məhəbbətinin və qayğısının bariz nümunəsidir.
Natiq eyni zamanda, dövlətimizin başçısının və ölkənin birinci xanımı Mehriban Əliyevanın uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd etmiş, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra Psixonevroloji Uşaq Evinin direktoru İradə Musayeva dövlətimizin başçısı Prezident cənab İlham Əliyevə və Birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, bu cür gözəl mərkəzin tikilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmiş və Mərkəzin yüksək səviyyədə fəaliyyətinin davam etdirilməsi üçün yaradılan şəraitdən razılığını ifadə etmişdir. İ.Musayeva həmçinin bu cür gözəl tədbiri təşkil etmiş Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyindən razılığını ifadə etmişdir.
Bayram tədbiri uşaq yaradıcılıq qruplarının ifasında maraqlı və əyləncəli konsert proqramı ilə davam etdirilmişdir.
Sonda uşaqlara hədiyyələr paylanmışdır.