Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb.
Mayın 30-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi ilə tanış olublar.
Mehriban xanım Əliyeva sərgidə nümayiş olunan işlərə baxıb, rəssamlarla fikir mübadiləsi aparıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Qala festivalı” çərçivəsində təşkil olunmuş düşərgələrdə, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində, o cümlədən burada yerləşən orta əsrlər dulusçuluq həyətində, arxeoloji qalereyada, XIX əsrə aid ikimərtəbəli evdə, gül və ərzaq bazarında, musiqi meydançasında da olub, festivalda iştirak edən uşaqlarla xatirə şəkilləri çəkdiriblər.
1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçirilən festivala Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistan, Bosniya və Herseqovina, Rusiya Federasiyası və digər ölkələrdən qonaqlar da qatılıblar.
Festivalda respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak edir.
Festivalda həmçinin Nərimanov rayonunu təmsil edən istedadlı uşaqlar da iştirak edərək öz əl işlərini və bacarıqlarını nümayiş etmişdirlər.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildən keçirilən festival Azərbaycan xalqının zəngin tarixi keçmişini və ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır. Festival çərçivəsində açıq səma altında istedadlı uşaqların əl işləri nümayiş olunur, rəqs ansamblları çıxış edir, müxtəlif interaktiv oyunlar keçirilir.