Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
İyulun 14-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından 36,5 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən 12 min ədəd yumurta gətirilmişdir.
Paytaxt sakinləri burada gavalı, ərik, gilas, alça, alma, armud, şaftalını, bostan məhsullarını, o cümlədən qarpızı, yemişi növbə ilə alırdılar. Onlar konservləşdirmək və qış üçün tədarük etmək məqsədi ilə aldıqları məhsulların keyfiyyətindən və qiymətindən razılıq edirdilər. Bununla yanaşı, sakinlər həmişə olduğu kimi, bu dəfə də ət, süd məhsulları, yumurta, göyərti və kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur və s. kənd nemətlərini də həvəslə alırdılar. Onların dediklərinə görə, yarmarkadakı meyvə-tərəvəzin, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-35 faiz ucuz qiymətə olması çox sərfəlidir.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.