15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar bayram tədbiri keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri təşkil olunmuşdur.
Rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin və nəhayət ziyalıların qatıldığı təbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq bildirmişdir ki, qədirbilən xalqımız birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoymuş, təkidlə bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını tələb etmişdir. 1993-cü ilin iyun ayında ölkədə böhran ən acınacaqlı həddə çatmışdı. Bu anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan bir insan - Heydər Əliyev xalqına və dövlətinə sahib çıxmışdır. Bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu öndər Heydər Əliyev belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qaytmış və uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən xilas etmişdir.
A.Fərzəliyev Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən gəlişinin xalqımıza itirilmiş inamını qaytardığını vurğulamış, həmin dövrün Azərbaycanın ən şərəfli tarixi kimi yaddaşlarda əbədi olaraq qalacağına əminlik ifadə etmişdir.
Natiq qeyd etmişdir ki, Ümummilli liderin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulmuşdur. Onun yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülmüşdür. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik, eyni zamanda, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır.
Milli Məclisin deputatı Rasim Musabəyov, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Elmi Tədqiqat, Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru Əlişir Musayev nəzərə çatdırmışlar ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət, respublikamızda bütün sahələri əhatə edən inkişaf dinamikası, beynəlxalq arenada əldə olunan yüksək nailiyyətlər hazırda Ulu öndərin siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal xidmətləri ilə fərqlənən şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunmuşdur.
Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilmişdir.