Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşəbbüsü ilə Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin birgə təşəbbüsü ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiya zamanı bu il iyunun 5-də T.Şıxəliyev 20 və K.Kazımzadə 7 küçələrinin kəsişməsindəki ünvanda baş vermiş yanğın nəticəsində məhv olan 22 eldar şamı və zeytun ağacı əvəzinə 30 ədəd şam ağacı əkilmişdir.
Aksiyanın keçirilməsində əsas məqsəd yanğın zamanı ərazidə məhv olmuş yaşıllıq zolağını bərpa etmək, ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsinə, buradakı mövcud torpaq qatının münbitləşdirilməsinə töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olmuşdur.
Ağacəkmə aksiyasında Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi ilə yanaşı, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişlər.
Azərbaycanda bu günə qədər IDEA İctimai Birliyi tərəfindən 3 milyon 472 mindən çox ağac əkilmişdir. Birlik bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin nəzərinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.