Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda cari ilin birinci yarısının yekunları geniş müzakirə olunmuşdur

18 iyul 2012 | 15:00

İyulun 17-də Nərimanov Rayon İcra Hakimiyyətində rayonun 2012-ci ilin birinci yarısı üzrə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi. Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydular, xatirəsini ehtiramla yad etdilər.
Yığıncağı giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dedi ki, rayonda 2012-ci ilin ötən dövrü ərzində nəzərdə tutulmuş bütün proqram və layihələr, o cümlədən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələr uğurla icra edilmiş, rayonun davamlı sosial-iqtisadi inkişafı təmin olunmuşdur. Makroiqtisadi göstəricilər və rəqəmlər də Nərimanov rayonunda sosial-iqtisadi inkişafla bağlı ötən 6 ayda mühüm nailiyyətlərin qazanıldığını təsdiqləyir. Əldə edilən uğurlardan, aparılan quruculuq və abadlıq işlərindən danışan Abdin Fərzəliyev qeyd etdi ki, qısa zaman kəsiyində rayonun geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, Nərimanov rayonuna da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir.
Abdin Fərzəliyevin sözlərinə görə, ötən müddətdə Nərimanov rayonunda ən əlamətdar hadisələrdən biri Qafqazda analoqu olmayan və Azərbaycanın simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin istifadəyə verilməsidir. Təntənəli açılış mərasimində Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, rəsmi dövlət və hökumət nümayəndələri iştirak etmişlər. Açılış günündə burada ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov rayonun sosial-iqtisadi inkişafı üzrə 2012-ci ilin birinci yarısının yekunları barədə məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar Nərimanov rayonunun hərtərəfli inkişaf etməsinə, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni sosial-mədəni obyektlərin yaradılmasına, əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verməkdədir. Ötən 6 ay ərzində Nərimanov rayonunda 8 dəfə olan Azərbaycan Prezidenti burada müxtəlif açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, inşası davam edən obyektlərdə işlərin gedişatı ilə yaxından tanış olmuş, öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir.
Məruzədə Nərimanov rayonunun sosial-iqtisadi inkişafından ətraflı söz açıldı, abadlıq və yenidənqurma işləri barədə geniş məlumat verildi. Şahmar İbadov Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində Rusiyanın Həştərxan vilayətində son altı ay ərzində həyata keçirilən tədbirlər barədə də məlumat verdi. Qeyd etdi ki, 2011-ci ilin 19 may tarixində Həştərxan vilayətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə Heydər Əliyev parkında "Rusiya və Azərbaycan Dostluğu" körpüsünün təməli qoyulmuşdur. Körpünün tikinti işləri tamamlanmış, hazırda ətraf ərazidə abadlıq işləri həyata keçirilir.
Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti adından Həştərxan şəhərinə hədiyyə olaraq şəhərin Epişev küçəsində knyaz Vladimirin heykəlinin ucaldılması nəzərdə tutulur. Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin abidə kompleksinin ərazisində uşaq əyləncə parkının salınması nəzərdə tutulur. Bu parkın salınması üçün layihə hazırlanmışdır.
Məruzədə o da diqqətə çatdırıldı ki, rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində ölkə Prezidentinin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq xidmət sahələri və idarələr tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir.
2012-ci ilin birinci yarısında Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən 12 səyyar qəbul və görüş keçirilmişdir. Keçirilmiş qəbullarda rayon sakinləri, əmək kollektivlərinin üzvləri, məcburi köçkünlər rayon rəhbərliyi tərəfindən qəbul edilmişlər. Bu görüş və qəbullar zamanı edilən 86 müraciətdən 81-i həll edilmış, 5-i isə nəzarətə götürülmüşdür.
Yığıncaqda 45 saylı tam orta məktəbin direktoru Nazilə Məmmədova, 8 saylı şəhər poliklinikasının baş həkimi Tamilla Kərimova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bədən tərbiyəsi və idman müəllimi, akrobatika gimnastikası üzrə Bakı şəhəri üzrə baş məşqçi, beynəlxalq dərəcəli hakim Adıgözəl Rəcəbov Nərimanov rayonunda təmsil etdikləri sahələr üzrə qazanılan nailiyyətlərlə bağlı məlumat verdilər.
Yığıncaqda çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov dedi ki, dinamik inkişafın nəticəsi olaraq Nərimanov rayonu ildən-ilə gözəlləşir, abadlaşır. Bu inkişaf və yüksəliş həm də insanların həyat şəraitinin daha da yaxşılaşmasında özünü göstərir.
Toplantıya yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirdi ki, inkişaf etməkdə olan rayonun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, sakinlərin daha rahat yaşamaları, çalışmaları və istirahətləri üçün qarşıda daha mühüm və ciddi vəzifələr durur. Bu vəzifələrin yerinə yetirilməsi, Prezident İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi üçün Nərimanov rayonunun bütün aidiyyəti qurumları bundan sonra da var gücü ilə işləyəcək, rayonun sosial-iqtisadi inkişafının təmin olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcəkdir.
 

Keçidlər