Gənclərin həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2014-cü il iyulun 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Nərimanov rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsində toplaşan çağırışçı gənclər həkim komissiyasında tibbi müayinədən keçərək hərbi hissələrə yola salınırlar.
Rayon Icra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin birgə təşkilatçılığı ilə metronun “Nəriman Nərimanov ” stansiyasının yanındakı parkda təşkil olunmuş gənclərin hərbi xidmətə yola salınması münasibətilə keçirilən təntənəli yolasalma mərasimində çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır.
Ş.İbadov əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirdiyini bildirmiş, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirmişdir.
Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Qəşəm Mahmudov, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov qeyd etmişlər ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Eyni zamanda, xüsusi olaraq qeyd edilmişdir ki, son illər rayonun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmamışdır. Bu da rayonun orta ümumtəhsil məktəblərində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini göstərir.
Tədbirə həmçinin qatılan Böyük Vətən və Qarabağ müharibələri veteranları, ağsaqqallar, valideynlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışmış, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etmiş, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək gənclərə şərəflə xidmət etməyi arzulamışlar.
Daha sonra hərbi xidmətə yola salınan çağırışçı gənclərə Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilmişdir.
Sonda çağırışçı gənclər müqəddəs “Qurani-Kərim”in altından keçərək, Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşmüşlər.