Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə bayram konserti təşkil edilmişdir.

13 iyul 2014 | 15:00

Ümummilli liderimiz Heydər Əliyev öz xalqının taleyində müstəsna rol oynayan, Vətənin ağır günündə onun imdadına yetişən, müqəddəs xilaskarlıq və quruculuq missiyasını üzərinə götürərək çətin və kəşməkeşli mücadiləsini qələbə ilə başa vuran siyasət dahilərindən biridir. Bu böyük şəxsiyyətin adı Azərbaycan tarixinə, xalqımızın yaddaşına, haqlı olaraq, milli xilaskar kimi əbədi həkk olunmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin və unitar dövlət varlığının qorunub saxlanması, xalqın gələcək taleyini təhdid edən təhlükələrin siyasi uzaqgörənliklə aradan qaldırılması Ümummilli liderin danılmaz tarixi xidmətidir. Azərbaycan xalqına öz milli dövlətində əmin-amanlıq şəraitində, azad və müstəqil yaşamaq haqqını təmin etmiş Heydər Əliyev siyasi kursunun bu gün birmənalı şəkildə dəstəklənməsi də, ilk növbədə, bu amillə bağlıdır.
Dahi şəxsiyyət Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi illərdə daim ölkəmizin inkişafı naminə, xalqın gələcəyi uğrunda əlindən gələni etmişdir. Ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti onun həqiqətən də dünya tarixinin azərbaycanlı dahisi olduğunu göstərir. Ulu öndər Azərbaycan SSR-ə rəhbərlik edərkən, eləcə də dövlət təhlükəsizliyi orqanlarında çalışarkən ermənilərin daim xalqımıza qarşı təxribatlarının qarşısını almış və bütün maneələri dəf edərək millətini müdafiə etmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixini, ensiklopediyasını, dilini, ədəbiyyatını, hərbi və təhlükəsizlik sistemini, elmini, kənd təsərrüfatını, sənayesini inkişaf etdirməyə mane olanlara qarşı həmişə qətiyyətlə mübarizə aparmış, xalqın ziyalılarını müdafiə etmişdir. Ümummilli lider daim Azərbaycanda milli oyanışın önündə dayanmışdır. Bu gün müstəqil Azərbaycanı inkişaf etdirən kadrları ötən əsrin 70-80-ci illərində məhz Ulu öndər Heydər Əliyev yetişdirmişdir.
Azərbaycanda kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsində dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin adı müasir tariximizə, eyni zamanda, respublikada aqrar islahatın hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirlərin həm banisi, həm də təşkilatçısı kimi düşmüşdür. Məhz müdrik siyasi xadimin əvəzolunmaz xidmətləri sayəsində sürətlə qurulmuş infrastrukturun, neft-qaz sənayesinin və onun əsasında digər sahələrin, aqrar-sənaye kompleksinin dinamik inkişafı dövlətin təməlinin möhkəmlənməsində mühüm rol oynamışdır.
Heydər Əliyev öz xalqının taleyində müstəsna rol oynayan, Vətənin ağır günündə onun imdadına yetişən, müqəddəs xilaskarlıq və quruculuq missiyasını üzərinə götürərək çətin və kəşməkeşli mücadiləsini qələbə ilə başa vuran siyasət dahilərindən biridir.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra respublikada özbaşınalıq, anarxiya hökm sürməyə başlamış, ölkə vətəndaş müharibəsi və xırda dövlətlərə parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır şəraitdə dahi rəhbər Heydər Əliyevə böyük ehtiyacın olduğunu dərk edən Azərbaycan xalqı çətin bir şəraitdə onu ölkə rəhbərliyinə gətirmişdir. Yalnız Heydər Əliyev fenomeni bu ağır məsuliyyətin öhdəsindən gələ bilərdi və onun fövqəladə siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, əsl liderlik keyfiyyətləri sayəsində xalqımız və dövlətimiz onu gözləyən böyük bəlalardan və təhlükələrdən xilas olundu.
Bu böyük dövlət xadiminin müdrik daxili və xarici siyasəti nəticəsində ölkədə hökm sürən hərc-mərcliyə son qoyularaq, ictimai-siyasi sabitlik və sosial ədalət prinsipləri bərqərar edildi, siyasi, iqtisadi, hüquqi-demokratik islahatlar dönməz və ardıcıl xarakter aldı. Azərbaycanda sözdə deyil, əməldə müstəqil dövlət quruculuğu prosesi başlandı.
Ümummilli lider qısa müddət ərzində xalqın quruculuq enerjisini, mədəni-intellektual potensialı, milli mənəvi dəyərləri, təbii-iqtisadi sərvəti milli ideyanın və dövlət maraqlarının reallaşdırılması naminə səfərbər edə bildi. Ölkədə siyasi zərurətə çevrilmiş ictimai-siyasi sabitlik 90-cı illərin ortalarından etibarən təmin edildi ki, bununla da gələcək uğurların əsası qoyuldu. Azərbaycan dövlətinin milli-siyasi suverenliyini qoruyub saxlaması, daxili və xarici siyasət sahəsində inamlı addımlar atması onun beynəlxalq mövqelərinin güclənməsinə və xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunmasına təkan verdi.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində çox çətin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya birliyinə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur.
Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəyə rəhbərliyi dövründə Konstitusiya qəbul edilmiş, respublikada ölüm hökmü ləğv olunmuş, neft-qaz yataqları yenidən işlənmiş və Xəzər nefti dünya bazarına çıxarılmışdır. Dahi rəhbərin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmamışdır ki, orada inkişaf və yeniliklər olmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə tənəzzüldən inkişaf mərhələsinə qədəm qoymuşdur. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi yeni qələbələrə doğru inamla irəliləyir.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanda dövlət rəhbərliyinə gəlişinin 45-ci ildönümü münasibətilə təşkil olunmuş və tanınmış incəsənət ustalarının rəngarəng ifasında gerçəkləşən möhtəşəm konsert proqramı və sonda səmanı al-əlvan rənglərə boyayan əsrarəngiz atəşfəşanlıq minlərlə paytaxt sakini və şəhərimizin qonaqları tərəfindən böyük maraqla izlənmiş, yüksək bayram əhval-ruhiyyəsi və hərarətlə qarşılanmışdır.

Keçidlər