Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda cari ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.

18 iyul 2014 | 15:00

18 iyul 2014-cü il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində rayonun 2014-ci ilin birinci yarısı üzrə sosial-iqtisadi  inkişafının yekunlarına və  qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoymuş, Ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə millət vəkilləri, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək cari il iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ilin birinci yarısında ölkəmizin inkişafının təmin edildiyini, qarşıda duran bütün məsələlərin icra edildiyini diqqətə çatdıraraq 2014-cü ildə görüləcək işlərlə, qarşıda duran vəzifələrlə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirmişdir.
A.Fərzəliyev Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulamışdır.
A.Fərzəliyev həmçinin qeyd etmişdir ki, 2014-cü ilin birinci yarısının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 1 milyard 205,2 milyon manatlıq məhsul istehsal olunmuş, keçən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artım əldə edilmişdir. İstehlakçılara 1 milyard 114,7 manatlıq sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,9 faiz təşkil etmişdir.Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1890 daimi iş yerləri yaradılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari il yanvarın 7-də respublikanın ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin təntənəli açılışında iştirak etmiş, 7 mart 2013-cü il tarixdə Nərimanov rayonunda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişatı ilə tanış olmuş, 29 may 2014-cü il tarixdə isə Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimində iştirak etmişdir.
Yarım il ərzində “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və Əhməd bəy Ağaoğlu küçəsi ilə birləşdirilməsi, Ziya Bünyadov küçəsinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilmişdir.
Şəhərimizin ümumi görkəminə xələl gətirən H.Əliyev prospekti, Koroğlu Rəhimov, Akademik H.Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilmişdir. Qeyd olunan binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli yaşayış binasının və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir və yaxın müddətdə sakinlərin istifadəsinə veriləcəkdir.
H.Əliyev prospektinin yenidənqurulması ilə əlaqədar olaraq istismar müddətini keçmiş 8 ədəd yaşayış binalarının sökülərək yerində müasir, milli memarlıq üslubunda 4 ədəd yeni yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur.
  K.Rəhimov küçəsində sökülmüş 7 ədəd yaşayış binasının yerində rayon sakinlərinin mənalı istirahət yerinə çevriləcək ən müasir parkın salınması davam etdirilir, artıq parkın birinci hissəsində işlər başa çatdırılmışdır. Parkın ikinci hissəsinin 2 mərtəbəli yeraltı avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur.
Rayonda təhsilin inkişafı sayəsində zəruri tədbirlər həyata keçirilir. Belə ki, 22 məktəbdən 9730 şagird yerlik 11 məktəb əsaslı təmir olunmuş, 3 məktəb üçün 1940 yerlik əlavə tədris korpusu inşa edilib şagirdlərin istifadəsinə verilmişdir. Hazırda 47 nömrəli məktəbdə əsaslı təmir işləri və 207  nömrəli məktəbin əlavə tədris korpusunun inşası davam etdirilir. Bu il 212, 73, 39 nömrəli tam orta məktəblərin əsaslı təmiri nəzərdə tutulub.
Rayon ərazisində fəaliyyət göstərən 27 məktəbəqədər tərbiyə müəssisəsində 2349 uşağın təlim-tərbiyəsi ilə 324 müəllim məşğul olur. Bağçalardan 19-u ( 1945 uşaq yerlik) əsaslı təmir olunub. Cari ilin 1-ci yarısında əsaslı təmirdən sonra daha  iki bağça (180 və 89 nömrəli uşaq bağçaları) istifadəyə verilmişdir.
Əhalinin sağlamlığının hər zaman diqqətdə saxlayan dövlət başçısının tapşırığına əsasən fevral ayının 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşların icbarı tibbi müayinələrdən keçirilməsi Nərimanov rayonunda da uğurla aparılmışdır.
Bu müddət ərzində rayon üzrə 74648 nəfər tibbi müayinədən keçirilmişdir. Onlardan  9001 nəfərə ambulator,   220 nəfərə stasionar müalicə təyin olunmuşdur.
2014-cü ilin I yarımilində əsaslı təmirdən sonra Nərimanov rayonu ərazisində yerləşən  Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzi istifadəyə verilmişdir, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda əsaslı təmir işləri davam etdirilir. Bu il  daha 2 səhiyyə ocağında (6 saylı uşaq xəstəxanasında və 7 saylı qadın məsləhətxanasında) yenidənqurma və bərpa işlərinin aparılması nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Rasim Musabəyov və Adil Əliyev rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirmiş və rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə etmişlər.
Yekunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunmuş şəxslərə Rayon İcra Hakimiyyətinin mükafatları təqdim olunmuşdur.
Hesabat iclasının yekununda A.Fərzəliyev bildirmişdir ki, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində 6 ay ərzində çox böyük işlər görülmüş və bu işlər uğurla davam etdirilir və 2014-cü il üçün nəzərdə tutulmuş bütün tədbirlər, tapşırıq və göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəkdir.

Keçidlər