Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxan vilayətinin rəhbərliyi ilə görüş keçirilmişdir.

09 sentyabr 2014 | 15:00

Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyinin Rusiya Federasiyasının Həştərxan şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 9-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayəti hökumətinin sədri, vilayətin vitse-qubernatoru Konstantin Markelov və Həştərxan şəhərinin merinin vəzifələrini icra edən İrina Yeqorova ilə  görüşləri keçirilmişdir. 
Həştərxan vilayəti hökumətinin sədri Konstantin Markelovla görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan K.Markelov qeyd etmişdir ki, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün böyük işlər görülmüşdür.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev ilə Həştərxan şəhərinin merinin vəzifələrini icra edən İ.Yeqorova arasında baş tutan rəsmi görüşdə Həştərxan və Azərbaycan arasında mövcud olan iqtisadi münasibətlərin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Qeyd olunmuşdur ki, humanitar və sosialyönümlü tədbir və layihələrin təşəbbüskarı, eləcə də  təşkilatçısı olan Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri  həyata keçirilmiş və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.  Belə ki, Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə region ərazisində sosial əhəmiyyətli bir sıra iri layihələr həyata keçirir. Həştərxanda Ulu Öndər Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulmuş, “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılmış,  Knyaz Vladimirin abidəsi ucaldılmış və “Meçta” uşaq əyləncə şəhərciyi salınmışdır. 
  Eyni zamanda, görüşdə Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı məktəbin nəzdində Heydər Əliyev Fondu tərəfindən müasir memarlıq üslubunda inşası yekunlaşmaq üzrə olan yeni uşaq bağçasında aparılan son tamamlama işləri əsas müzakirə predmeti olmuşdur. Qeyd olunmuşdur ki, işlər artıq yekunlaşmaq üzrədir və cari ilin sentyabr ayının sonunda bağçanın açılışı planlaşdırılır.

Keçidlər