Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun “Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası” layihəsi çərçivəsində seminar keçirilmişdir.

26 iyul 2012 | 15:00

25 iyul 2012-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun “Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası” layihəsi çərçivəsində seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Vəfadar Zeynalov seminar iştirakçılarını salamlayaraq dövlətimiz tərəfindən əlillərə və sağlamlıq imkanları məhdud olan insanlara daim diqqət və qayğı göstərildiyini, onların hüquqlarının qorunması və sosial müdafiəsi, hüquqi maarifləndirilməsi, cəmiyyətə inteqrasiyası, istedadlarının aşkara çıxarılması, məşğulluğa təşviq edilməsi və s. istiqamətlərdə dövlət proqramlarının təsdiq edildiyini, sosial layihələrin həyata keçirildiyini bildirmiş, bütün bu nəcib işlərin görülməsində vətəndaş cəmiyyətinin inkişafına xidmət edən qeyri-hökumət təşkilatlarının rolunun danılmaz olduğunu xüsusilə vurğulamışdır.
Daha sonra Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni çıxış edərək, öz sıralarında 582 təşkilatı birləşdirən rəhbəri olduğu təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası” layihəsi çərçivəsində digər regionlarda da seminarların keçirildiyini və bu layihənin əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə bütün sosial-iqtisadi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək verilməsi, onların ləyaqət və şəxsiyyətinə hörmət edilməsi, eyni zamanda hüquqlarının qorunması istiqamətində nəzarətin gücləndirilməsi məqsədi daşıdığını seminar iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədbiridə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun əlillər və sağlamlıq imkanları məhdud olan insanların sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələrə həsr olunmuş slaydşou nümayiş etdirilmişdir.
Seminarda çıxış edən natiqlər maarifləndirici xarakterli bu qəbildən olan tədbirlərin təşkilinin əlillər və sağlamlıq imkanları məhdud olan insanların sosial müdafiəsinin təmini və cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişlər.
Tədbirin sonunda müzakirə olunan əlillərin problemlərini əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının, rayonun hüquq-mühafizə orqanlarının, rayon bələdiyyəsinin, rayonda əlillərin və sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması və sosial müdafiəsi sahəsində fəaliyyət göstərən idarə, müəssisələrin, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin və nəhayət Milli Qeyri-Hökumət Təşkilatları Forumuna daxil olan təşkilatların nümayəndələri iştirak etmişlər.
 

Keçidlər