Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə görüş keçirilib

17 sentyabr 2014 | 15:00

   Sentyabrın 17-də  Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında rayon  təhsil müəssisələrinin 2013-2014-cü tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.
    Tədbirdə Milli Məclisin deputatları təhsil müəssisələrinin müəllimləri və tələbə adını qazanmış gənclər, valideynlər, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər qatılıblar.
    İlk öncə ulu öndər Heydər Əliyevin İcra Hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyulmuş və xatirəsi ehtiramla yad edilib.
    Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını Bilik günü, yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Qeyd edilib ki, müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsil dövlətimizin başçısının daim himayəsi altındadır. Vurğulanıb ki, 2013-2014-cü tədris ili ərəfəsində Nərimanov rayonunda yerləşən 47 nömrəli tam orta məktəb əsaslı təmir olunub və 207 nömrəli tam orta məktəbin isə 280 yerlik 14 sinif otağı, kitabxana, akt və idman zalı olan 4-mərtəbəli əlavə korpusu tikilib.
    İcra başçısı bildirib ki, qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında göstərir. 2013-2014-cü tədris ilində məktəbi bitirənlərin sayı 3971 nəfər olmuşdur. 5 nəfər şagird məktəbi qızıl medalla bitirmişdir. 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı toplayan şagirdlərin sayı 65 nəfər, bunlardan 650 baldan yuxarı toplayan şagirdlərin sayı 17 nəfər olmuşdur. 2 nəfər tələbə Prezident təqaüdünə layiq görülüb.
    Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov qeyd ediblər ki,  Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün son dövrlər ölkədə xeyli iş görülüb. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri müntəzəm diqqət və qayğı sayəsində yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə islahatların aparılması təhsilimizin uğurlu gələcəyinə inamı artırır.
    Tədbirdə çıxış edənlər də tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
    Görüşdə Nərimanov Rayon İcra Hakimiyyəti adından təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. 
   Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər