Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dədə Qorqud parkında 3D qraffiti layihəsinin açılışında iştirak edib

25 sentyabr 2014 | 15:00

     Sentyabrın 25-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşəbbüsü ilə Bakı şəhərinin Dədə Qorqud parkında 3D qraffiti layihəsinin açılışı olub.
     Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərasimdə iştirak edib.
    Layihə çərçivəsində çəkilmiş qraffiti əsərləri ictimaiyyəti ekoloji problemlər haqqında məlumatlandırmaq və insanların diqqətini bu problemlərə yönəltmək məqsədi daşıyır.
    Azərbaycanda ilk yerüstü qraffiti əsəri “Qafqazın böyük beşliyi”nə daxil olan heyvanları və onların qorunmasının vacibliyini özündə əks etdirir. Xatırladaq ki, Azərbaycan ərazisində məskunlaşan və nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan heyvan növlərinin qorunması üçün Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə “Qafqazın böyük beşliyi” adlı layihəyə start verilib. Bu beşliyə qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbiri daxildir.
    Dədə Qorqud parkında sərgilənən əsərlərdən biri İngiltərədən dəvət olunmuş qraffitistlər – Eduard Şiron, Ceyms Titçner və Culiyan Fetin tərəfindən 3D formatında 5 gün ərzində işlənib. Burada xarici qonaqlarla yanaşı, Azərbaycandan olan qraffitistlərin Xəzər dənizinin ekoloji problemlərini, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi “Ağacların kəsilməsinə yox” proqramını əks etdirən əl işləri də var.
    Yerüstü 3D qraffiti əsərləri ilə oktyabradək tanış olmaq mümkündür.

Keçidlər