Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtın Ziya Bünyadov prospektində inşa olunan tunel tipli yol ötürücüsü gələn il istifadəyə veriləcəkdir

30 iyul 2012 | 15:00

Paytaxtın Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindəki tunel tipli yol ötürücüsündə işlər tərtib olunmuş cədvəl əsasında davam etdirilir.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirmişlər ki, 3 gediş və 3 gəlişdən ibarət olacaq tunelin uzunluğu 780, eni 26,5, hündürlüyü isə 5,5 metrdir. Tunelin qapalı hissəsinin uzunluğu 300 metr nəzərdə tutulur. Hazırda inşası davam edən tuneldə svayların vurulması, istinad divarının və qapalı hissənin tikintisi həyata keçirilir.
İnşasına 2011-ci ilin yanvar ayından başlanılan tuneldə işlərin təqribən 60 faizi yerinə yetirilmişdir. Yol ötürücüsünün 2013-cü ildə təhvil verilməsi gözlənilir.
Bu layihə çərçivəsində Müzəffər Nərimanov küçəsində ümumi uzunluğu 1746 metr olan yolun əsaslı təmir işləri həyata keçirilmişdir. Küçə boyu kommunikasiya xətləri dəyişdirilmiş, işıqlandırma sistemi yenidən qurulmuş, aşınma qatı istisna olmaqla asfalt-beton örtüyünün vurulması başa çatdırılmışdır.
 

Keçidlər