Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda cari ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclası keçirilib.

14 oktyabr 2014 | 15:00

14 oktyabr 2014-cü il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində rayonun 2014-ci ilin  doqquz ayı üzrə sosial-iqtisadi  inkişafının yekunlarına və  qarşıda duran vəzifələrə həsr olunmuş Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclası keçirilib .
Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə millət vəkilləri, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək cari il oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ilin birinci yarısında ölkəmizin inkişafının təmin edildiyini, qarşıda duran bütün məsələlərin icra edildiyini diqqətə çatdıraraq 2014-cü ildə görüləcək işlərlə, qarşıda duran vəzifələrlə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
A.Fərzəliyev Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, 2014-cü ilin doqquz ayının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 1 milyard 941,2 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artım əldə edilib. İstehlakçılara 1 milyard 886,1 manatlıq sənaye məhsulu göndərilib. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 85,8 faiz təşkil edilib. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3842 daimi iş yerləri yaradılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari il yanvarın 7-də respublikanın ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin təntənəli açılışında iştirak edib, 7 mart 2013-cü il tarixdə Nərimanov rayonunda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişatı ilə tanış olub, 29 may 2014-cü il tarixdə isə Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimində iştirak edib, 24 iyul 2014-cü il tarixdə isə Ak.Həsən Əliyev küçəsi ilə Z.Bünyadov prospekti-Bakı Olimpiya Stadionu avtomobil yolunu birinci hissəsində həyata keçirilən tikinti işlərinin gedişatı ilə tanış olub.
Doqquz ay ərzində “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və Əhməd bəy Ağaoğlu küçəsi ilə birləşdirilməsi, Ziya Bünyadov küçəsinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilib.
Şəhərimizin ümumi görkəminə xələl gətirən H.Əliyev prospekti, Koroğlu Rəhimov, Akademik H.Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilib. Qeyd olunan binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli yaşayış binasının və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir və artıq binanın I mərhələdə inşa olan hissəsinə sakinlərin köçürülməsinə başlanılıb.
H.Əliyev prospektinin yenidənqurulması ilə əlaqədar olaraq istismar müddətini keçmiş 8 ədəd yaşayış binalarının sökülərək yerində müasir, milli memarlıq üslubunda, sakinlərin əvvəlki mənzillərinin sahəsindən 30-40 % artıq olmaqla tam təmirli, geniş və yaraşıqlı mənzillərdən ibarət 4 ədəd 7 mərtəbəli yeni yaşayış binalarının tikintisinə başlanılıb və işlər uğurla davam etdirilir.
K.Rəhimov küçəsində sökülmüş 7 ədəd yaşayış binasının yerində rayon sakinlərinin mənalı istirahət yerinə çevriləcək ən müasir parkın salınması davam etdirilir, artıq parkın birinci hissəsində işlər başa çatdırılıb. Parkın ikinci hissəsinin 2 mərtəbəli yeraltı avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur.
Belə ki, Koroğlu Rəhimov küçəsi 3 ünvanda  1,1 hektar ərazidə ən müasir parkın salınması işləri davam etdirilib, A.M.Cümə küçəsində 15 hektar ərazidə salınmış yaşıllıq zolağına aqrotexniki xidmət göstərilib və əlavə olaraq 1000 ədədə yaxın leylandra tipli ağaclar əkilib.
Heydər Əliyev prospektində Nizami rayonu ilə sərhəd  ərazidən bağlayaraq geniş abadlıq və yenidənqurma işləri həyata keçirilib.
Azadlıq prospektində (N.Nərimanov küçəsindən Z.Bünyadov prospektinə qədər) yeni parkın salınması və Azadlıq, F.X.Xoyski, Z.Bünyadov prospektlərində, K.Rəhimov, Təbriz küçələrində və digər ünvanlarda yerləşən binaların fasad hissələrinin yenidən qurulması işlərinə başlanılıb.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində yay mövsümündə Nərimanov rayonunda 47 nömrəli tam orta məktəb əsaslı təmir olunub, 207 nömrəli tam orta məktəb üçün 280 şagird yerlik əlavə tədris korpusu inşa edilib. Əsalı təmirdən sonra 180 və 89 nömrəli uşaq bağçaları istifadəyə verilib. Hazırda 21 nömrəli musiqi məktəbi yenidən inşa edilir.
2014-cü ilin I yarımilində əsaslı təmirdən sonra Nərimanov rayonu ərazisində yerləşən  Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzi istifadəyə verilib, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda əsaslı təmir işləri davam etdirilir. Bu il  daha 2 səhiyyə ocağında (6 saylı uşaq xəstəxanasında və 7 saylı qadın məsləhətxanasında) yenidənqurma və bərpa işlərinin aparılması nəzərdə tutulub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirib və rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə edib.
Hesabat iclasının yekununda A.Fərzəliyev  Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində doqquz ay ərzində çox böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini nəzərə çatdırıb, eyni zamanda, 2014-cü il üçün nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə edib.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş rayonun təhsil müəssisələrinin müəllimlərinə və rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən digər şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.

Keçidlər